Yeniyetmələr güclərini sınayacaq

Gules

14-15 avqust 2014-cü il tarixdə AGF-nin 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən klublarda məşğul olan sərbəst və yunan-Roma güləşi üzrə 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında təsnifat yarışları keçiriləcək.

XALQ.AZ-ın AGF-nin mətbuat xidmətindən aldığı məlumata görə, yarışın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, 1 saylı nümayəndəliyin tərkibində fəaliyyət göstərən klublarda çalışan məşqçilərin işini qiymətləndirmək və ehtiyat qüvvələri aşkarlamaq və perspektivli güləşçiləri aşkarlamaq məqsədi daşıyır.

FİLA-nın qaydalarına əsasən keçiriləcək yarışda 2000-2001-ci il təvəllüdlü idmançılar iştirak edəcək. 2002-ci il təvəllüdlü idmançılar isə həkim və valideynin icazəsi ilə yarışa qatıla biləcək. Şəxsi xarakter daşıyan yarışda 29, 32, 35, 38, 42, 47, 53, 59, 66 və 73 kq çəkilərdə güləşçilər mübarizə aparacaq. Hər bir klubdan eyni çəki dərəcəsində maksimum 2 idmançı iştirak edə bilər.

Tofiq Bəhramov adına Respublika Stadionunun güləş zalında keçiriləcək yarışda, ilk gün sərbəst, ikinci gün isə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.