“Yerli tənzimləmə və nəzarət orqanlarının xarici şirkətlərlə əlaqəli işində nöqsanlar var” – Ekspert

Xəbər verdiyimiz kimi ölkədə “Volt Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti dayandırılıb. 

Beynəlxalq şirkətin filialının bağlanmasının ölkə iqtisadiyyatına təsirlərini iqtisadçı ekspert Rəşad Həsənov şərh edib:

“İqtisadiyyatda məşğulluq riskləri yüksəkdir. Azərbaycan iqtisadiyyatı böyümür, əhalinin artım tempinə uyğun olaraq məşğulluq yarada bilmir. Ölkə iqtisadiyyatında ötən dövr ərzində cəmi 0,7 faiz böyümə qeydə alınıb. “Volt”un əsas işçi qüvvəsi gənclər idi. Nəzərə alsaq ki, əhalinin sayı artır və gənclər arasında işsizlik səviyyəsi yüksək olaraq qalır, belə qərarın verilməsi düzgün deyil”.

Ekspert qeyd edib ki, bu, eyni zamanda xarici şirkətlərin Azərbaycanda fəaliyyətinin təşviqi istiqamətindən yanaşdıqda da neqativ haldır:

“Azərbaycan iqtisadiyyatı xarici sərmayə cəlb etmək baxımından risklərlə üz-üzədir. Qeyi-neft sektoruna demək olar ki, sərmayə cəlb olunmur. Bu günə qədər xarici investisiyanın 20-22 faizi qeyri-neft sektoruna yönəlib. Lakin bu, o demək deyil ki, xarici şirkətlər ölkədə qanunverciliyə riayət etmədən fəaliyyət göstərə bilər.

Yerli tənzimləmə və nəzarət orqanlarının xarici şirkətlərlə əlaqəli işində nöqsanlar var. Düşünürəm ki, düzgün kommunikasiya qurularsa, aidiyyəti qurumlar həmin şirkətlərlə düzgün əməkdaşlıq edərsə, onlar da kobud qayda pozuntularına yol verməz”.

R.Həsənov hökuməti rasional addımlar atmağa çağırıb:

“Bu qərar orta müddətli dövrdə ölkədə kriminoloji vəziyyətin də pisləşməsinə gətirib çıxara bilər. Hökumət xarici şirkətlərin fəaliyyəti ilə bağlı rasional və həllə yönəlik çıxış yolları tapmalıdır. Hökumətin əsas funksiyası əhalinin rifahına xidmət edən istənilən fenomeni qanunlar çərçivəsində iqtisadiyyatda qoruyub saxlamaqdır”.