Yesentuki və Naftalan şəhəri arasında əməkdaşlıq əlaqələri genişlənir

Naftalan

Rusiya Federasiyasının Yesentuki şəhərinin meri xanım Larisa Pisarenkonun dəvəti ilə Yesentuki və Naftalan şəhərləri arasında olan münasibətləri daha da inkişaf etdirmək məqsədilə Naftalan şəhər İcra Hakimiyyəti başçısının rəhbərlik etdiyi nümayəndə heyəti 29.08-04.09.2014-cü il tarixlərdə həmin şəhərdə səfərdə olmuşdur.

Nümayəndə heyəti 30 avqust 2014-cü il tarixdə Yesentuki şəhərinin yaradılmasının 189-cu ildönümü münasibətilə keçirilən bayram şənliyində, həmçinin Yesentuki şəhər Kazak Cəmiyyətının 25-illik yubileyində fəxri qonaq qismində iştirak etmiş, tədbirin sonunda Yesentuki şəhərinin meri adından rəsmi ziyafət verilmiş, qarşılıqlı olaraq hədiyyələr təqdim olunmuşdur. Tədbirdə Yesentuki şəhəri ilə qardaşlaşmış Bolqarıstan Respublikasının Strelça şəhər nümayəndələri də iştirak etmişlər.

Nüfuzlu qonaqların iştirak etdiyi tədbirdə iki şəhər arasında yaradılan münasibətlər müzakirə edilmiş, eləcə də Yesentukinin kurort guşəsi olduğu nəzərə alınaraq bu şəhərlə Naftalan şəhəri arasında iqtisadi, mədəni əlaqələrin müxtəlif mübadilə proqramları ilə möhkəmləndirməyin vacib olduğu qeyd olunmuşdur.

Səfər zamanı nümayəndə heyəti Yesentuki şəhərinin “Qazaxstan” və “Rus” sanatoriyaları ilə, Şved alimi Sanderin qədim mexaniki müalicə aparatları ilə, “Elita mineral qrupp” zavodu ilə, Kislovodsk, Pyatiqorsk, Jeleznovodsk şəhərlərinin bir neçə turizm və qədim mədəni yerləri ilə tanış olmuşlar.