Yoxsullar ölkəsində kral kimi yaşayan prezident

Fidel

Fidel Kastro orta əsr kralları və müasir milyonçular kimi dəbdəbə içində yaşayıb:

Şəxsi yaxtası olub. Karib dənizindəki adada rahat malikanədə yaşayıb. Hovuzunda delfin, həyətində tısbağa ferması. Yanında da həmişə 2 şəxsi qan donoru.

Bunu Kuba inqilabının banisi haqda keçmiş cangüdəni Xuan Reynaldo yazır.

O, “Fidel Kastronun gizli həyatı” kitabında iddia edir ki, inqilab lideri öz xalqından məhruhimiyyətlərə dözməyi, aza qane olmağı istəsə də, özü onilliklər boyu kefindən qalmayıb. Kapitalist dünyasını daim “ifşa etsə də”, sosialist Kastro özü biznesmenlərə xas lüksdən imtina etməyib.

Xuan Reynaldo 17 il Kastronun elit mühafizə dəstəsinin üzvü olub. O, istefaya çıxmaq istəyini bildirəndən sonra inqilab liderinin gözündən düşdüyünü, “it kimi” türməyə atıldığını, tarakanların qaynaşdığı kamerada saxlandığını, işgəncələrə məruz qaldığını yazır.

Azadlığa çıxandan sonra o, 2008-ci ildə Amerikaya qaça bilib.

2006-cı ildə ağır xəstələnəndən sonra Fidel hakimiyyəti kiçik qardaşı Raula verib. İndi nadir hallarda ya məqaləsi çıxır, ya da açıqlama verir.

Axırıncı dəfə dostu, Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin ölümündən kədərləndiyini bildirmişdi.