Yuxudan Ayılın!

1

Hər şey normaldır, dərsimi bitirib evə qayıdırdım, hava küləkli idi və qəfildən sürətlənən külək bütün bədənimi titrətdi, özümü küləkdən qorumağa çalışarkən balaca otlardan tutmuş, qocaman ağaclara qədər bir anlıq keçdi nəzərimdən. Hər biri var qüvvəsi ilə torpağa dayanaraq, sinə gəlirdi küləyə, lap kövrəyi də, qocaman, sərti də, bunlar gəldi ürəyimə:

Ey yarananlar, ey nankorlar, biz Yaradanın mində bir faizi qədər deyilik, əgər o istəsə, bizi düşünə bilməyəcəyimiz qədər qısa zamanda yox edər. Hər anımız elə qəfildən dəyişər ki, nəyin necə, kimin kim olduğunu belə, xatırlaya bilmərik, axı bütün bu dediklərimi görərək, eşidərək, şahid olaraq, yaşlanırıq və yaşadığımız hər anda da bunlar davam edir.

O zaman sual edirəm – bəs biz insanlar niyə  nankoruq? Niyə hiyləgər, saxtakarıq? Niyə özümüzdən, gəlirimizdən başqa heç kimi, heç nəyi düşünmürük, niyə?

Biri bahalı maşınını,  biri villasını, biri daş qaşını, biri nə bilim nələrini  düşünür. Aramızda elə insanlar var ki, ana-atasından çox pulunu sevir, “məni kişi edən, bu kağızlardır”, – deyir.

Elələri var, uşağının əlindən çörək alıb yeyir ki, mən doyum sonra sən yeyərsən. Analar var ki, uşağını dilənməyə məcbur edir. Ərlər var ki, həyat yoldaşını evdən qovur, “get pul gətir” deyə. Qardaşlar var ata malı üstündə qırır bir-birini, bacılar da var ki, bir oğlana görə nifrət edirlər bir-birilərinə. Bir az da dərindən düşünsək, qoca anasını dilənməyə vadar edənləri, qoca atasını “yararsızsan” deyib də, küçəyə atanları, bacısını xarici ölkələrə pul qazanmağa göndərib də özü burda qeyrətdən, namusdan dəm vuranları da qeyd edə bilərik. Baxın, o  zaman dəli olarıq, biz necə insanıq, vəhşilərdən nə fərqimiz var? Ancaq görkəmimizləmi?

O görkəmi biz bir an içində itirə bilərik. Kaş bunu anlaya bilərdik, necə ki, var olan yox olur. Heç olmayan dünyaya gəlir, heç olmasa bir anlıq düşünək ki, biz heç kimik və heç kim olacağıq, var olanların və olmayanların sahibi Tanrıdır, əlimizdə, yanımızda, ətrafımızda olanlar, bütün canlı-cansız nə varsa Ona məxsusdur, biz şüursuzcasına Onun var dövlətini Ona qarşı qoyuruq, bizə nə ad vermək olar görəsən?

Allah bizə bu dünyanı verdi, ey insan, yaşa, qur, sev, sevil, amma həqiqətən bilsək nə vəziyyətdədir bu dünyamız, ən azından özümüz-özümüzə nifrət edərik…

Guya inkişaf etmişik, amma qazandıqlarımız itirdiklərimizin qarşısnda nəzərə alınmayacaq qədər azdır, bunu bilirik, görürük və hər birimiz bunda öz zərərimizi görürük, heç kim özünə “bəsdir”, “belə etməyək” demir, şüursuz bir sürü kimi davam edirik, görək təbiət nə zaman bezəcək, Tanrı nə zaman qəzəb daşı yağdıracaq başımıza…

Bunu istəyirikmi?

Aytən Səfərova