Yüzminlərlə insanın son ümid yeri: Özəlləşdirmə çeklərinin taleyi necə olacaq?

Asim Mollazadə: “Rəsmi dairələr vauçerlərin taleyinə aydınlıq gətirməlidir”

Anar İsgəndərov: “Çeklərin tədavül müddətinin yenidən artırılmasına ehtiyac var”

1997-ci ilin yanvar ayının 1-də ölkə vətəndaşlarına dörd paydan ibarət əvəzsiz özəlləşdirmə çekləri verilməyə başladı. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə özəlləşdirməyə çıxarılacaq müəssisələrin yarıdan çoxunun vətəndaş mülkiyyətinə verilməsi nəzərdə tutulurdu. 1996-cı ilin may ayında imzalanan fərmana görə, özəlləşdirilən müəssisələrin 55 faiz çek hərracına çıxarılmalı, 15 faiz işçilər arasında bölünməli, 30 faizi investorlara təqdim edilməli idi. Lakin gözləntilər özünü doğrultmadı və əhali faktiki olaraq bu prosesdən kənarda qaldı. Bu səbəbdən xeyli insan çekləri əlində saxlayaraq onun bahalaşmasını gözləyirdi. 2011-ci ildə isə vauçerlərin tədavül müddəti başa çatdı. Təsadüfi deyil ki, yüzminlərlə vətəndaş bu gün də qiymətli kağız olaraq özələşdirmə çeklərini özündə saxlayır. Bəs görəsən çeklərin tədavül müddəti yenidən artırıla bilərmi?

XALQ.AZ məsələyə Milli Məclisin deputatlarından münasibət öyrənib.

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə bildirib ki, özəlləşdirmə çekləri ilə bağlı vətəndaşların gözləntiləri yüksək idi: “Çünki mərhum prezident Heydər Əliyevin fərmanında aydın şəkildə göstərilirdi ki, özəlləşdirmə hərracları zamanı ən çox pay sahibi vətəndaşlar olacaq. Nəzərə alanda ki, Azərbaycan bir sistemdən digər sistemə keçid edirdi və ölkədə sovetdən qalma çoxlu sayda müəssisələr var idi, bu unikal imkan idi. Lakin bu proses ümumilikdə vətəndaşlar üçün faydalı olmadı. Bunun necə həyata keçirildiyi, hansı formada təşkil edildiyi barədə müfəssəl məlumatlara malik olmasam da, ümumilikdə deyə bilərəm ki, kifayət qədər neqativ hallara yol verildi. Bu səbəbdən əksəriyyət bu gün də həmin çekləri öz evdində saxlayır. Açığını desəm, mənim özüm xatırlamıram ki, həmin özəlləşdirmə çeklərini saxlamışam, yoxsa yox. Əgər bu faydalı qiymətli kağızlar olsaydı, o zaman mən də onu xatirimdə saxlayardım”. Deputatın sözlərinə görə, məsələ müvafiq qurumlar tərəfindən araşdırılmalıdır: “Bir halda ki, yüzminlərlə vətəndaşın özəlləşdirmə çekləri əlində qalıb, onlar dəyərsiz sənədə çevrilib, bu halda məsələyə hüquqi və siyasi qiymət verilməlidir. Bunun üçün mütləq araşdırmalar aparılmalıdır. Qarşıdakı dövrdə özəlləşdirməyə çıxarılacaq müəssisələrin hərracı zamanı bu çeklər necə istifadə olunacaq, onların tədavül müddəti artırılacaqmı, bu barədə əhaliyə məlumat verilməlidir. Hesab edirəm ki, ən optimal yol tədavül müddətini yenidən artırmaqdır”.

Milli Məclisin deputatı Anar İsgəndərov da oxşar fikirdədir.

O bildirir ki, məsələ vətəndaşların maraqları çərçivəsində öz həllini tapmalıdır: “Mən iqtisadçı deyiləm, bu səbəbdən dəqiq məlumatım yoxdur. Lakin biz tarixçiyik. Bu elə də uzaq keçmişdə baş verməyib. Ümummili lider Heydər Əliyevin o zaman bununla bağlı fərmanı böyük maraqla qarşılandı. Çünki fərmanda vətəndaşların əsas pay sahibləri olması öz əksini tapırdı. Mən təbii ki, bir millət vəkili, ziyalı alim olaraq vətəndaşların hüquqlarının qorunmasından yanayam. Yaxşı olar ki, bu məsələyə yenidən baxılsın. Tədavül müddətinin yenidən uzadılması yaxşı olardı. Eyni zamanda bu istiqamətdə müvafiq dövlət qurumları araşdırmalar aparmalıdır. İnanıram ki, bu məsələ öz həllini tapacaq”. Deputat qeyd edir ki, onun özündə də hər bir dörd pay olmaqla dörd vauçer qalır: “Mən də o zaman bunu satmadım. Bu gün də qalır. Təkcə ona görə yox ki, nə zamansa tədavül müddəti artırıla və yenidən qiymətə minə bilər. Həm də ona görə, bu bir tarixdir”.

// Azər Aslanlı, XALQ.AZ