“Zəfər paradı böyük qələbəmizin nidası idi”

“44 günlük Vətən müharibəsində əldə olunan qələbəmizin nidasına çevrilmiş  Zəfər paradından bir il ötür. Müstəqil və qüdrətli Azərbaycan dövlətinin erməni faşizmi üzərində qazandığı parlaq qələbənin şərəfinə paytaxtın Azadlıq meydanında təşkil olunmuş qələbə paradı xalqımızın yaddaşında əbədi qalacaq. Şübhəsiz ki, bu parad əvvəlkilərdən tamamilə fərqli idi. Bu, müzəffər Azərbaycan ordusunun əsgər və zabitlərinin düşmənin belini qırdığı, əbədi və əzəli torpaqlarımızı düşmən işğalından azad etdiyi qələbə yürüyüşü idi. Bu parad Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” əminliyinin məntiqi nəticəsi idi”.

Bu sözləri  açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat açıqlamasında bildirib ki, cənab Prezident İlham Əliyev ötən 18 illik fəaliyyətində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün çalışmış, hər gün o böyük günü yaxınlaşdırmaq üçün əlindən gələni etmişdir. Hamının yaxşı xatırladığı kimi 2018-ci ildə cənab prezident  İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda çıxışı zamanı qeyd etmişdi ki, “…Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Ali Baş Komandan bu vədini cəmi iki il sonra yerinə yetirdi. Həqiqətən də cənab Prezidentin dediyi kimi xalq-ordu-dövlət həmrəyliyi və birliyi bu günü olduqca yaxınlaşdırdı. Bu birlik və vəhdət sayəsində  ordumuz Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, parlaq  qələbə qazandı.

Bildiyiniz kimi, paradda Azərabaycan Silahlı Qüvvələrinin üç min nəfərlik şəxsi  heyəti ilə yanaşı türk hərbçiləri də iştirak etmişdi.  Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı ilə birlikdə qələbə paradında iştirak etməsi, müxtəlif vaxtlarda işğaldan azad olunan ərazilərə etdiyi səfərlər, Şuşa şəhərində iki ölkə arasında imzalanmış Bəyannamə, Füzuli Beynəlxalq Hava limanının açılışını iki ölkə liderinin birlikdə etməsi Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişaf etdiyinin, hətda iki ölkə arasında münasibətlərin dostluq, qardaşlıq münasibətləri çərçivəsində yüksək səviyyədə olduğunun göstəricisidir.

T.Cəfərova bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbə və bu qələbə münasibətilə təşkil olunmuş parad bütün dünyaya dövlətimizin və ordumuzun gücünü nümayiş etdirdi:

“Dünya müzəffər Azərbaycan Ordusunun gücünü gördü və Ordumuzu dünyanın ən güclü ordularından biri kimi tanıdı və ya bunu etiraf etməyə məcbur oldu. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi idi. Dekabrın 10-da keçirilən Zəfər paradı Azərbaycan Respublikasının Prezidenti qalib sərkərdə, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətini, qalib Azərbaycan Ordusunun gücünü, öz liderinin ətrafında birləşən və müharibə zamanı özü  orduya çevrilən xalqın əzmini bir daha dünyaya göstərmiş oldu. Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük qələbəmizin nidası oldu. Bir daha vurğulamalıyıq ki, bu, müzəffər Ali Baş Komandanımızın “Qarabağ Azərbaycandır!” əminliyinin məntiqi nəticəsi idi”.