“Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Türk dövlətləri arasındakı ticarət əlaqələrini gücləndirəcək” – Deputat

Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Türk dövlətləri arasındakı ticarət əlaqələrini gücləndirəcək.

Trend xəbər verir ki, bunu  Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə çaldıqdan sonra Ermənistanı sülhə məcburetmə siyasətini həyata keçirməkdədir. Azərbaycanın Ermənistana qarşı şərtlərindən birincisi Zəngəzur dəhlizinin istifadəyə verilməsi məsələsidir. Çünki Azərbaycan Zəngilanla Naxçıvanı birləşdirən avtomobil dəmiryolu kommunikasiyalarının açılması vacibliyini hər vəchlə vurğulayır. Bunun da həyata keçirilməsi üçün Azərbaycan öz ərazilərində quruculuq-abadlıq işləri aparır, yeni yolların çəkilməsi sürətlə davam etdirilir”,- deyə o qeyd edib.

Naqif Həmzəyev bildirib ki, Ermənistan mütəmadi olaraq bu layihənin reallaşdırılmasının qarşısını almağa çalışır və onların havadarları da bu məsələdə Ermənistana dəstək olurlar. Ancaq sonuncu üçtərəfli komissiyanın fəaliyyəti ilə Rusiya tərəfinin verdiyi açıqlamalardan belə bir qənaətə gəlmək olar ki, artıq məhz dəmiryolu xəttinin işə düşməsilə bağlı görülən işlər yekunlaşmaq üzrədir. Burda tək məsələ Ermənistan ərazisində 40 km ərazidə dəmiryolunun bərpa edilməsidir ki, bununla əlaqədar da danışıqlar aparılır.

“Əsas marşrut və burada gömrük-sərhəd məsələlərinin necə həyata keçiriləcəyi artıq razılaşdırılıb və biz də ümid edirik ki, Ermənistan tərəfi bu prosesdə hər hansısa bir təxribat həyata keçirməsə, 2024-cü ilin sonu, ən geci 2025-ci ildə Zəngəzur dəhlizinin işə düşməsinin şahidi olacağıq. Türkiyə də Azərbaycanı bu layihədə dəstəkləyir və Zəngəzur koridorunun işə düşməsi region dövlətlər üçün, o cümlədən Rusiya üçün çox önəmlidir. Demək olar ki, artıq Orta dəhliz hal-hazırda cəlbedici bir layihəyə çevrilibdir. Həm Asiya dövlətləri, həm Qərb, Rusiya, həm də Türkiyə bu layihənin reallaşmasında maraqlı tərəflərdir. Bu layihənin həyata keçirilməsi ilə türkdilli dövlətlər arasında da ticarərət əlaqəsinin güclənməsinin şahidi olacağıq”,- deyə Milli Məclisin deputatı vurğulayıb.

Naqif Həmzəyev əlavə edib ki, Ermənistan da bu layihənin vacibliyini, Rusiyaya çıxış əldə edə bilməsinin önəmini anlayaraq Azərbaycanın bu layihəsini reallaşdırmasına maneçilik törətməyəcək. Biz ilkin mərhələdə Zəngilandan Naxçıvana, Naxçıvandan İğdır vasitəsilə Türkiyəyə, eyni zamanda gələcək mərhələdə isə Naxçıvan ərazisindən Ermənistana dəmiryol xəttinin istifadəyə düşməsinin şahidi olacağıq. Sonrakı mərhələdə quru yolu xətti ilə də Zəngəzur dəhlizi işə düşəcəkdir. Buna paralel olaraq da enerji resurslarının məhz Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana, ordan isə Türkiyəyə və Avropaya çatdırılması reallaşdırılacaqdır.