Zərdabda tədbir keçirildi

Milli Məclisin deputatı, Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçisi Jalə Əliyevanın təşəbbüsü və Zərdab rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zərdab rayon Heydər Əliyev Mərkəzində “H.B.Zərdabi irsi gənclər üçün milli məfkurə qaynağıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə filologiya elmləri doktoru, professor, Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçisi, millət vəkili Jalə Əliyeva, Aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, Ali Media Mükafatı laureatı Eldəniz Həsənov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, zərdabişünas alim, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadova, Zərdab rayon İcra Hakimiyyətinin I müavini Ramo Hacıyev, gənc fəal Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçilərindən biri Seymur Bayramov, ziyalılar, idarə və müəssisələrin əməkdaşları, gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Zərdab rayon İcra Hakimiyyəti başçısının I müavini Ramo Hacıyev qonaqları salamlayaraq, Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabi irsinə həsr olunmuş tədbirin mahiyyətindən danışıb. Həsən bəy Zərdabinin Azərbaycanın ictimai-siyasi, mədəni həyatındakı əvəzsiz xidmətlərindən söz açan Ramo Hacıyev deyib ki, onun kimi şəxsiyyətlər mənsub olduğu xalqa hörmət və şöhrət gətirir, onu dünyada tanıdır.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, zərdabişünas alim, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadova tədbirdə çıxış edərək vurğulayıb ki, burada bu qədər insanların toplanmasından aydın olur ki, sözün əsl mənasında Zərdabi hər birimizin doğmasıdır. İnanıram ki, bizim hər birimizin qəlbində ona böyük məhəbbət yer aldığı üçün bura toplaşmışıq. Zərdabi Azərbaycan maarifçilərinin mətbuat qolunu inkişaf etdirən, Azərbaycan təhsilini sözün əsl mənasında böyük maarifçi kimi inkişaf etdirən, tarixdə müəyyən sahələrdə ilk olaraq imzasını atan böyük bir şəxsiyyətdir. İlk xeyriyyə cəmiyyəti, ilk qəzet yaradan, ilk məktəb açan Həsən bəy Zərdabi olub. Bu böyük insanın hər sahədə ilklərə imza atması, ilk Moskvada təhsil alan torpaqşünas alim, ilk dəmiryolunun elmi şəkildə izahının necə çəkilməsini verən məhz Həsən bəy Zərdabi olub. Bax, bu mənada Zərdabi böyük şəxsiyyətdir. Zərdabinin böyük şəxsiyyət olması təkcə bunun ilklərə imza atması ilə bitmir, içində daşıdığı millətinə böyük məhəbbətlə ölçülür. Deyə bilərəm ki, Qız məktəbinin açılmasında Həsən bəy Zərdabinin böyük rolu var. O, H.Z.Tağıyev ilə dost olub. H.Z.Tağıyev Zərdabini özünün məsləkdaşı, ideya verəni kimi qəbul etdiyi üçün onun verdiyi məsləhətlərə də əməl edirdi. Belə bir insanın irsini tədqiq etmək, onun ailə şəcərəsini araşdırmaq bizə lazım olan məsələlərdəndir”- deyə Esmira xanım çıxışında qeyd edib..
Aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, Ali Media Mükafatı laureatı Eldəniz Həsənov H.B.Zərdabi dühasından tədbir iştirakçılarına ətraflı məlumat verərək qeyd edib ki, hər bir xalqın həyatında azsaylı insanlar var ki, o xalqın xalq kimi inkişafında mühüm rol oynayıb: Azərbaycanın siyasi məfkurəsinin inkişafında Həsən bəy Zərdabinin məhz o qədər rolu var. H.Zərdabi Azərbaycanın siyasi intibahının banisidir. 1875-ci ildə “Əkinçi” qəzetini yaratmaqla, 2 il onu çap etməklə Azərbaycanda xalqın mənliyi, mövcudluğu, özünüdərkliyi ilə bağlı böyük bir rol oynadı.
Daha sonra çıxış edən filologiya elmləri doktoru, professor, Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçisi, millət vəkili Jalə Əliyeva Həsən bəy Zərdabinin yaradıcılığı, mətbuatda gördüyü işlər barədə məlumat verib. Jalə xanım bildirib ki, zaman keçir, dövr dəyişir, amma Həsən bəy Zərdabi irsinə münasibət dəyişmir. Ona görə ki, xalqının, elinin-obasının zülmət içərisində boğulduğu bir vaxtda ona yol göstərən, millət fədaisi, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının banisi kimi tanınan, “Əkinçi” qəzetini doğma ana dilində nəşr etdirməklə milli mətbuatımızın bünövrəsini qoyan, bütövlükdə xalqının rifahı və tərəqqisi naminə ömrünün sonunadək mübarizə aparan belə bir insanın unudulması mümkünsüzdür.
Tədbirdə çıxış edən bir sıra ziyalılar Həsən bəy Zərdabi haqqında öz fikirlərini bildiriblər, Həsən bəy Zərdabi irsinin tədqiqi və təbliği baxımından belə tədbirlərin keçirilməsi mühüm addımdır-deyə qeyd ediblər. Xüsusilə onun publisist və jurnalist kimi fəaliyyətinin gənclər tərəfindən daha dərindən öyrənilməsinə mühüm töhfədir.
Sonda isə zərdabişünas alim Eldəniz Həsənov tərəfindən Həsən bəy Zərdabini daha yaxından tanıyacaq və onun nəsil haqqında olduqca dolğun məlumatlar ələ edilə biləcək dəyərli kitablar bir neçə tədbir iştirakçısına hədiyyə olaraq təqdim olunub.