Zaur Mirzə-zadə: “Azərbaycan dünya ölkələrinin diqqət mərkəzindədir”

“Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq və BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun, Afrika İttifaqı Komissiyası sədrinin qatılması, BMT baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti cənab Cozef Borrellin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Bu göstərici Azərbaycanın dünya arenasında diqqət mərkəzində olmasının əyani subutudur.”

 Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında  Zaur Mirzə-zadə bildirib.

Z.Mirzə-zadə qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən mötəbər tədbirlər onu göstərir ki, bizim ölkə öz beynəlxalq vəzifələrinə olduqca məsul yanaşır: “MDB-də bu cür tədbirlərə sədrlik edən hər hansısa ölkə varmı? Xeyr,əlbəttə ki, bu amilləri nəzərə alaraq açıq söyləmək olar ki, ölkə Başçısı İlham Əliyevin iradəsi və uzaqgörən siyasəti ilə tək Azərbaycan üçün deyil regionda və dünyada baş verən proseslərə yanaşması bir daha lider olduğunu göstərdi.”

Zaur Mirzə-zadə vurğulayıb ki, çox qısa bir vaxt ərzində Azərbaycan dövlət başçısı Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşündən sonra ikinci dəfə dünya liderlərini bir araya toplamağa müvəffəq oldu: “Bu amilləri nəzərə alaraq bir daha qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin düşünlmüş siyasəti, gördüyü tədbirlər nəticəsində bu gün ölkəmiz az itkilərlə baş verən hadisələrdən yan keçir. O ki qaldı, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün Bəyannaməsinə milli, regional və beynəlxalq səviyyələrdə qəbul olunması bir daha Azərbaycanın diqqət mərkəzində olmasının göstəricisidir.”