“Zelenski müharibənin Rusiya ərazisinə keçdiyini bildirir” – Ekspert

“Ukrayna uğurlu şəkildə hibrid müharibə aparır. Ona görə də Zelenski müharibənin Rusiya ərazisinə keçdiyini bildirir”.
Bunu  hərbi ekspert Üzeyir Cəfərov Ukrayna prezidenti Volodimir Zelenskinin müharibənin tədricən Rusiya ərazisinə keçdiyi barədə səsləndirdiyi fikri şərh edərkən deyib.
“Prinsip etibarı ilə artıq müharibə xeyli müddətdir Rusiya ərazisinə də yayılıb. Belqorod, Şebekina, Engels, Moskvaya, Kremlə dronlarla hücum, paytaxtda ticarət mərkəzinin vurulması Rusiya ilə bağlı olan məsələlərdir. Ukrayna uğurlu şəkildə hibrid mübarizə aparır. Onun nəticəsidir ki, Zelenski müharibənin Rusiya ərazisinə keçdiyini bildirir”, deyə ekspert bildirib.

Həmsöhbətimizə görə, yaranmış vəziyyət yaxın günlərdə Sankt-Peterburq şəhərinin də Ukrayna PUA-larının hucumuna məruz qalacağını söyləməyə əsas verir:

“Son zamanlar Rusiya rəhbərliyi Odessa, Nikolayev, Xerson, Krivoy Roqa qarşı bəzi həmlələr həyata keçirib ki, Ukrayna da onu cavabsız qoymayıb. Yaranmış vəziyyət avqust ayında Ukraynanın daha əsaslı və ciddi şəkildə hücuma keçəcəyini söyləməyə əsas verir. Növbəti həftələrdə Ukrayna hücum sürətini artıracaq. Bir həftə ərzində Ukrayna Zaporejye vilayətində 12,6 kvadrat kilometr ərazini azad edib. Tədricən də Ukrayna Melitopol və Berdyanski istiqamətinə doğru hərəkət edir. Bu hədəflər əldə edildikdən sonra, Rusiyanın vəziyyəti yaxşı olmayacaq”.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski müharibənin yavaş-yavaş Rusiya ərazisinə keçdiyini açıqlayıb: “Ukrayna güclənir. Müharibə yavaş-yavaş Rusiya ərazisinə, onun simvolik mərkəzlərinə və hərbi bazalarına keçir və bu, qaçılmaz, təbii və ədalətli prosesdir”.