“Ziyandır? Ət kimi faydası da yoxdur

““Rahat” marketdən pişiyim üçün 1 kiloqramı 5 manat 50 qəpiyə sosiska aldım. Mümkün deyil ki, bu sosiskanın tərkibində ət olsun və müştəriyə 5 manat 50 qəpiyə təklif edilsin. Yaxşı sosiskanın ən azından təmiz ət, yəni sümüksüz ət qədər qiyməti olmalıdır. Yaxşı halda isə bir az da baha olmalıdır. Çünki ət birbaşa sosiskaya çevrilmir. Müəyyən proses gedir, xərc qoyulur. Mən də müşahidə edirəm ki, çox həcmdə kolbasanın, sosiskanın qiymətində endirim edib, satışa qoyublar, amma bir o qədər də alıcısı yoxdur. Yəqin, insanlar yoxlayıblar, orqanizm üçün faydası olmadığını müəyyən ediblər, buna görə də almırlar. Əlbəttə, əhalinin kasıb hissəsi, imkansız əhali həmin kolbasa və sosiskalardan alır, istehlak edir. Həmin anda orqanizm üçün öldürücü təsiri olmasa da, ziyanı da yoxdur. Çünki o sosiska və kolbasalarda “ət” adı ilə istifadə edilən bitkilərdən əldə olunan zülallardır. Ziyanı olmasa da, ət kimi faydası da yoxdur”.

Bu sözləri  kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib.

Ekspert “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi satışa çıxarılan kolbasa və sosiskalarla bağlı müəyyən araşdırmalar aparır, bu, sizcə, qənaətbəxşdirmi?” sualına isə belə cavab verib: “Bir var ki, əsaslı işlər görülə, bir də var, görüntü yaratmaq xatirinə, yəni iş görürlərmiş kimi işləyələr. Əlbəttə, idxal olunan, həm də daxildə istehsal olunan məhsul mütləq nəzarət altında olmalıdır. Axı bu, birinci dəfə deyil. Uzun müddətdir, işbazlar bu işlə məşğul olurlar, digər ölkələrdən çox ucuz qiymətə alıb, gətirib Azərbaycanda baha qiymətə təklif edirlər. Bunu da deyim ki, aldığım sosiska Rusiya istehsalıdır. Bilirsiniz nə baş verir? Azərbaycan bazarı, demək olar, nəzarətdən kənar olduğu üçün işbazların asan pul qazanmaq məkanına çevrilib. Onlar da düşünürlər ki, gətirdikləri məhsula nəzarət olmayacaq. Görünür, hansısa “anlaşmanın” müqabilində bu baş verir. Çox asanlıqla ölkəyə gətirirlər, daxili bazarda satırlar. Təkcə kolbasa, sosiska deyil, əksər mal və məhsulun keyfiyyətinin aşağı olduğunu görürük. Bir müddət Türkiyədə oldum. Kolbasadan, sosiskadan istifadə etdim, kərə yağı, bitki yağı aldım. Tamamilə fərqli idi. Adi adam bunu həmin məhsulların dadında, iyində də hiss edə bilir. Yağı əlinlə yoxlayırsan, yağlılığın nə dərəcədə yüksək olduğunu hiss edirsən. Hətta adi gözlə də müəyyən etmək mümkündür. Tanıdığımız çox adam son vaxtlar ürək çatışmazlığından, yaxud xərçəngdən rəhmətə gedib. Hamısı da cavan adamlardır. Belə hallar əvvəllər – Sovet hökumətinin vaxtında baş vermirdi. Çünki o vaxtlar qida məhsullarına, ərzaq məhsullarının keyfiyyətinə çox ciddi nəzarət var idi. Bu sahə başlı-başına buraxılandan sonra ölkədə ciddi şəkildə xəstəliklər artıb. Xəstəlik törədən bütün viruslar, bakteriyalar insan orqanizminə yalnız qida və su ilə daxil olur. Son vaxtlar apardığımız müşahidələr bunu göstərir ki, ölüm sayı artır, ölüm cavanlaşıb. Bu da yalnız qida ilə bağlıdır”.