ANS-ə sərt xəbərdarlıq

ANS

“ANS tərəfimizdən onlara edilmiş xəbərdarlıqdan heç bir nəticə çıxartmır və bizi qərəzli şəkildə mübahisəyə çəkir”. Bu sözləri Aktual.az-a Milli Tеlеviziyа və Rаdiо Şurаsının Aparat Rəhbəri Toğrul Məmmədov ANS-in MRTŞ-lə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciətinə münasibət bildirərkən deyib.

Toğrul Məmmədovun sözlərinə görə, ANS TV rəhbərliyi bu iddianı hələ mart ayından qaldırıb: “Bununla bağlı hətta onların əsassız iddialarına görə mart ayında hazırlıq iclası da keçirilib. Onu da deyim ki, biz ANS-ə cərimə kəsməliydik, lakin MRTŞ-in humanistliyi əsasında onlara xəbərdarlıq edildi. Onlar da götürüb əsassız şəkildə məhkəməyə müraciət ediblər”.

MRTŞ rəsmisi telekanala xəbərdarlıq etməyi də unutmadı: “Son olaraq onu da qeyd edim ki, hər hansı bir qanun pozuntusu olacaqsa, MRTŞ bununla bağlı ciddi tədbirlər görəcək. ANS unutmasın ki, biz qanunun keşiyində dururuq”.