Bakılı “peyğəmbər”

4

Hacı Əbdülün qapazladığı gənc “rəsul” olmağa hazırlaşır 

İbrahimilər dini icması haqda istər mediada, istərsə də mediadan kənar çox danışılıb, çox yazılıb. Danışılan və yazılanlarla tanış olanda təəccüblənməyə bilmirsən. Təəccüblənməyib nə edəsən? İlin-günün çətin vədəsində bir nəfər meydana çıxır və “peyğəmbər”liyini elan edib insanları biətə çağırır. İbrahimilər camaatının rəhbəri, əksəriyyətin yalançı peyğəmbər kimi tanıdığı Ələsgər Musayevi deyirəm. Bir zamanlar ölkə gündəmini məşğul edən, barələrində əsrarəngiz söz-söhbətlər dolaşan Ələsgər Musayev və onun camaatı indi nə işlə məşğuldur? İcma üzvləriylə onların “Bəkkə” adlandırdığı Bakı şəhərində görüşdüm. Müqəddəs saydıqları “Bəkkə” həm də onların dini mərkəzidir. 1998-ci ildə Əmircandakı “Şeyx Nizaməddin” məscidindən çıxarıldıqdan sonra məskunlaşdıqları ev Mərdəkan və Şüvəlan kəndləri arasındakı “Əncirlik” ərazisində yerləşir. İbrahimilər müsəlman olmasalar da, göründüyü kimi, onların da “peyğəmbər”inin qismətinə “hicrət” yazılıbmış…

Divin canı şüşədə olan kimi, müşahidə kameralarıyla çevrələnmiş, üzünə suvaq çəkilmiş iki mərtəbəli mülkün darvazasının açarı, daha doğrusu “pult”u Ələsgər Musayevin əlindədir. Əcəba, “peyğəmbər” kimdən qorunur? Ələsgər Musayev titrək səslə, ancaq inamla “Mən heç kimdən qorunmuram” deyir. Və dərhal əlavə edir:

  • Bura məscid deyil ki… Məscid olsa qapı açıq olardı.

Elə bil indicə rənglənmiş, pəncərələrdən sızan günəşin üzərində ağ-ağ ləkələr saldığı taxta sürahilərdən burula-burula qalxdığım mansard isə bir başqa aləmdir. Baxmaqdan yorulmursan. Sağlıqlarına qismət! “Peyğəmbər” də belə şəraitdə yaşamayandan sonra, başqası yaşayası deyil ha? Mansardın hazırlanmasına neçə evin pulu xərclənib, bunu bir allah bilir, bir də onun “rəsul”u. “Peyğəmbər” bu bədxərcliyə etiraz etsə də, onu eşidən olmayıb. O da pul mənim kisəmdən getmir deyib çəkilib kənara. Xərci ödəyən də, mansardı düzəldən də ibrahimi olub. Mansardın quruluşunda isə hər hansı bir simvol filan yoxdur.

Kilimlə döşənmiş mansarda qalaqlanmış döşək və mütəkkələr insan azlığına işarə etsə də “peyğəmbər”in “əleyhissalam” deyə müraciət etdiyi camaat üzvləri onu tək qoymur.

1996-cı ildə yaradılan icma Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Ancaq qeydiyyatın ömrü uzun olmayıb. 1998-ci ildə “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarını pozduğuna görə, icmanın dövlət qeydiyyatı ləğv olunub. O gündən bu günə kimi icma havadadır. Bu vəziyyət Hacı Ələsgəri o qədər də narahat etmir:

  • Dövlətin daxili və xarici siyasəti var. Biz buna hörmətlə yanaşırıq. 1998-ci il mayın 21-i axşam “Şeyx Nizaməddin” məscidindən çıxmışıq. Əmircanda bizdən istifadə edib qarşıdurma yaratmaq istəyirdilər. Biz də çəkildik qırağa. Bizə irad tuturlar ki, özlərini qeyri-müsəlman elan ediblər. Bizi ittiham edənlər, hədə-qorxu gələnlər sonradan qumarbaz, narkoman oldular. Mənim dövlətdən yalnız bir istəyim var. Amerikada mayyalılar, Azərbaycanda malakanlar var. İsmayıllıda yer də veriblər. Bizə də bir yer versələr yaxşı olar. Xaricilər gəlib görər ki, Azərbaycanda belə bir tayfa, camaat yaşayır.

Kənd camaatının islam dininə bağlılığı fonunda onlara mənfi münasibət yoxdur ki? Ələsgər Musayev “Kənd camaatının bizə münasibəti normaldır” – deyib bir-bir ətrafdakı pir və ziyarətgahları sadalamağa başlayır:

  • Böyük Ağanın piri yaxınlıqdadı, Şüvəlanda Ağanın ziyarətgahı var. O tərəfdə Əli ayağıdı, bu tərəfdə Pir Həsəndi. Hamısıyla da salamlaşırıq. Onların yolu ayrı, bizim yolumuz ayrı. Məhəmməd peyğəmbər bütxanaları dağıdırdı. Ancaq insanlar yenə də bütxanalara gedir. Hamı bir-birindən yardım istəyir. Bəs Allahdan kim istəyəcək?

İbrahimilər qeyri-islami təriqətdirlər. İbrahimilər yalnız “Quran”a istinad edir, hədisləri qəbul etmirlər. Onlar da namaz qılır, ancaq bu namaz siz bildiyiniz namazdan deyil. Bir növ yalvarış xarakterlidir. İbadət Azərbaycan dilində həyata keçirilir. İbrahimilərə görə, hər camaatın öz peyğəmbəri olmalıdır. İbrahimilər həm də çoxarvadlıdırlar. İbrahimi Rəsulları Şurasının İttifaqı dövləti var. O cümlədən Ələsgər Musayevin ətrafında 12 “rəsul” cəmləşib.

Söhbət zamanı qarşısındakı “Quran”ı tez-tez vərəqləyən, ayələrin izahını verən “peyğəmbər”ə bəlkə yarım milyon manatdan çox borclandım. Necə? “Peyğəmbər” “Quran”ın izahının dəqiqəsinə 10 min manat pul istəyir. Bu şərtdir. İki saatdan çox “peyğəmbər”in evində qonaq olduğumdan və hardasa bu vaxtın yarım saatını “Quran”ın izahına həsr etdiyi üçün belə bir rəqəm yarandı. Ancaq həyəcanlanmağa lüzum yoxdur. “Peyğəmbər” borcumu sildi. Allah kitabının bu qədər baha izahının da izahı yox deyil:

  • “Quran”ın izahının dəqiqəsinə 10 min manatı ona görə istəyirəm ki, sabah heç kim gəlib mənə zorla nəyisə təbliğ edirsən deməsin. Hər şeyin qiyməti var. İndi isə təbliğ etmirəm. Gələn də yoxdur axı… Qumarı öyrətsəydim gələn çox olardı. Qədeş, day o boyda yol gəlmisən. Bu dəfə sənin üçün pulsuz izah edirəm. Qonaqsan da (gülür).

Ələsgər müəllim sözün əsl mənasında müəllimdir. Daha doğrusu, olub. Sovet vaxtı Suraxanı rayonu 114 nömrəli məktəbdə riyaziyyat müəllimi işləyən Ələsgər Musayev 90-cı illərin ortasında müəllimliyin daşını atıb. Atmayıb nə etsin? “Peyğəmbər”lik hara, müəllimlik hara? Özü də indiki zamanda. Bir özünüz düşünün…

Ələsgər Musayev söhbət zamanı israrla getdikləri yolun haqq yolu olduğunu söyləyirdi. 67 yaşı olsa da, danışığı və hərəkətləri yaşı ilə uyuşmur. Bir gənc çılğınlığıyla məsələlərə münasibət bildirir.

“Peyğəmbər”lə bir qədər əvvələ qayıdıb, 2003-cü ildə yetkinlik yaşına çatmayan qızlarla ailə həyatı qurduğu üçün cinayət məsuliyyətinə cəlb olunmasından danışırıq. Nəzrin, Cəmilə və Xəyalə adlı üç yeniyetmə qızla evlənən “peyğəmbər” cinayət törətdiyini etiraf etsə də, etdiyi əmələ görə peşman deyil:

  • Məhkəmədə də demişəm. Bunu gözə çarpmaq üçün etmişdim. İstədim ki, insanlar allah rəsulunun varlığından xəbər tutsunlar. Bir də allah çoxarvadlılıqla bağlı qanunu qoyub demir ki, hökmən evlənməlisən. Guya indi heç bir kişi “levıy” getmir? O üç qız mənim arvadımın yanında Quranın ayəsinə görə özünü mənə bəxşiş etmişdi. Tutulmaqdan da, öldürülməkdən də qorxmamışam, ancaq allahımdan qorxmuşam. İndi böyüyüblər, ağılları var. Soruşuram ki, birdən o zamana qayıtsanız, nə edərdiniz? Deyirlər, indi beş əlli gələrik. Yaşayırlar da özləri üçün, problem də çıxmır. Onlarla evlənəndə üç dəfə qızlara dedim ki, özünüzü mənə bəxşiş etdiniz. Mən də qəbul elədim. Siz oldunuz mənim zövcəm. Siz bilirsiniz ki, ha, bu dəqiqə mən ölsəm siz heç kimə ərə gedə bilməsiniz? Dedilər, bilirik. Dedim dünyaya, yoxsa allaha xatir mənə gəlirsiniz? Dedilər, allaha xatir, mən də qəbul elədim.

Zövcələrin sürücülük vəsiqələri, altlarında maşınları var. Ələsgər Musayev onlarda böyük demokratiyanın hökm sürdüyünü deyir. “Peyğəmbər”in indiyə kimi 6 zövcəsi olub. 6 zövcədən üçü sağdır, digər üç nəfəri isə dünyasını dəyişib. “Peyğəmbər”in 13 yaşlı zövcəsi Xəyalə ürək xəstəsi olduğu üçün dünyasını dəyişib. Müalicəsi üçün pul toplanılsa da, onun həyatını xilas etmək mümkün olmayıb:

  • Əsgər “əleyhissalam” evini satıb Xəyalənin müalicəsinə xərclədi. Xəyalə mənimlə yaşamadı. Bir də ki, qızların valideynlərinin də bu işdə razılığı olub. Cəmilənin atası Nadir (Nadiri göstərir – F.M) burdadır. Zorla kiminsə qızını özümə necə arvad edə bilərəm?

Ələsgər Musayev son dövrlər yaşanan müharibələrin, qırğınların səbəbini insanların allah kitabından uzaq durmasında görür:

  • Şeytana uyublar, alimlər alimi allahın kitabından uzaq düşdükləri üçün bir-birlərini qırırlar. Mənim imkanım olsaydı, özünə müsəlman deyənləri, “Quran”dan başqa bir kitabı oxumağa qoymazdım.

  • Başqa kitabları oxumaqda pis nə var axı?

  • Siz məni düz başa düşmədiniz. Mən dini kitablar haqda danışıram. Get, “Dekameron”u (Covanni Bokkaçionun müəllifi olduğu kitabı nəzərdə tutur – F.M) oxu. Əntiqə kitabdır. Düz yolu, allah yolunu tapmaq üçün Quran kifayətdir. Tolstoyun “Voyna i mir” (“Hərb və sülh”) əsərini oxusunlar, mən buna nə deyə bilərəm ki?

İbrahimilərin “peyğəmbər”i müasir həyatla tam ayaqlaşır. Özünün “noutbuk”u, bilyard stolu… Ancaq bilyard stolunun kiçikliyi nəzərimdən qaçmır. Özüm də həvəsli olduğumdan böyük stollarda oyunun daha maraqlı olduğunu “peyğəmbər”in diqqətinə çatdırıram. Mənimlə razılaşır:

  • Sifariş verib, düzəltdirmək olar. Ancaq böyük stolu mansarda keçirmək bir balaca problemdi. İdmandı da, oynayırıq. İnşallah, qismət olar gələcəkdə böyüyünü alarıq (gülür).

İri monitor da qardaşlardan hədiyyədir. “Peyğəmbər”in sürdüyü avtomobilin də pulunu qardaşlar toplayıb.

Qardaşların ürəyi genişliyindən danışarkən haradan maliyyələşdiklərini xəbər alıram. Ələsgər Musayev bu sualın ona artıq neçənci dəfə verilməsindən şikayətlənir:

  • Bu sualı o qədər verirlər ki… Allah dolandırır, heç yerdə işləmirəm, təqaüd alıram. Birinci zövcəm də təqaüd alır. Əsgər “əleyhissalam” əlinə gələnin müəyyən hissəsini gətirib verir mənə. Başqa qardaşlar da kömək edir. Mənim əlimə gələn pulun 10 faizini ailəm, 90 faizini isə allah yolunda xərcləyirəm. Ayda iki dəfə təxminən, 80 ailəyə yardım olunur. Qoyun əti, meyvə, pal-paltar veririk. Bölgünü “rəsul”lar aparır. Yardım ehtiyacı və allaha yaxın olanlara edilir.

Övladları ilə aralarında ata-övlad münasibəti yoxdur. Dediyinə görə, övladları da onu “allah rəsulu” kimi qəbul edir. Ələsgər Musayevin “peyğəmbər”liyi qohumlarından bəzilərinin ondan üz döndərməsinə səbəb olub. Sələfi Əlixan Musayev yalançı peyğəmbərin doğmaca qardaşı oğludur. Təbii ki, əqidə məsələsinə görə indi əmi-qardaş oğlu ayrı-ayrı cəbhələrdə allaha xidmətdədirlər.

Ələsgər Musayevin tez-tez adını çəkdiyi, ibrahimilərin 7-ci mikrorayon səfirliyinin rəhbəri Əsgər “əleyhissalam” hər bir ümmətə həyatda olan kəsin rəsulluq etməli olduğu fikrindədir. Fikrinin isə “Quran”a dayandığını söyləyir:

  • Allah rəsulu həyatda olmalıdır. Əlbəttə, allah rəsulunun olmağı insanlara sərf etmir. Məhəmməd peyğəmbər, həyatda olmayan şəxs mənə necə şahidlik edə bilər? O öz camaatına şahidlik edib. Hər bir camaatın öz rəsulu olmalıdır.

Əsgər 2 zövcəlidir. Zövcələrinin ikisi də ali təhsillidir. Bir zövcəsi Elmlər Akademiyasında çalışır. O biri zövcəsi isə konservatoriyanı bitirib.

Əgər övladları razılıq versə, Əsgərlə Ələsgər Musayev qohum olacaq. Bu qohumluğun rəsmiləşməsinə isə hələ çox var. Çünki Əsgərin oğlu Məhəmməd Əlinin 11, “peyğəmbər”in qızı Tuğrənin isə 10 yaşı var. Uşaqlar doğulmamışdan onları ad ediblər.

Ələsgər Musayevin varisi Yalçın “əleyhissalam”dır. Hacı Əbdülün Press-klubda başına qapaz vurduğu “məşhur” Yalçın… Yəqin, xatırladınız. “Peyğəmbər”in təbirincə desəm, Yalçın qızıl ehtiyatdadır. Ələsgər Musayev öləndən sonra ibrahimilərin rəhbəri Yalçın olacaq. Yalçın həm də “peyğəmbər”in kürəkənidir. O da 2 zövcəlidir. Hacı Əbdüldən isə incikliyi yoxdur:

  • Hacı Əbdül yaşlı kişidi. Canı sağ olsun. Ona çatan odur. Bu yolda təhqir var, qapaz var. Şükür allaha, biz öz yolumuzdayıq.

Baba, Süleyman və Nadir də əleyhissalam sayılır. Onların da hərəsinin 2 zövcəsi var. Yuxarıda qeyd etdiyim kimi, Nadir Ələsgər Musayevin üç zövcəsindən birinin atası, birinin də əmisioğludur.

Ələsgər Musayev və icma üzvləriylə danışığım əvvəldən axıra videokameraya çəkildi. Dediklərinə görə, çəkilişi aparmaqda heç bir məqsədləri yoxdur. Kameraları olandan çəkiliş aparılır. Daha sonra “peyğəmbər” müdaxilə edir:

  • Onsuz da allah dərgahında hər şey yazılır.

Çəkilişi aparan Rasim isə digər qardaşlardan fərqli olaraq bir zövcəlidir. Rasim “peyğəmbər”inə görə gözündən olub. 2006-cı ildə iş yoldaşları onu Ələsgər Musayevə qoşulduğuna görə tənbeh etmək qərarına gəlib. Tənbeh zamanı “peyğəmbər” təhqir olunub. Bu təhqirə isə Rasim dözməyib. Dözümsüzlüyün nəticəsi isə göz önündədir. O gündən bu yana Rasimin sağ gözü şikəstdir.

Söhbətimizin sonunda “peyğəmbər” məndən dönə-dönə xahiş etdi:

  • Xahiş edirəm, nə gördün, nə eşitdin, gedib onu yazarsan. Yoxsa, başqa “kolleqa”ların kimi… Xətrinə dəyməsin ha, sənin bəzi “kolleqa”ların heç allahdan da qorxmur. Ağızlarına gələni yazırlar.

Xahişinə mütləq əməl edəcəyimə söz verirəm. Yenidən bədheybət darvaza hərəkətə gəlir…