Dədə Şəmşir nəvəsindən Kamal Abdullaya ithaf-ŞEİR

Nahid 

Allaha şükür-Kamal Abdullaya

 

Varsa da, Allaha şükür,

Yoxsa da, Allaha şükür.

Azsa da Allaha şükür,

Çoxsa da, Allaha şükür.

 

Ağadı, quldu, məlikdi,

Hamı ölümə yenikdi,

Bu can bizdə hələlikdi,

Çıxsa da, Allaha şükür.

Sahib odur, odur əzəl,

Al yükünü, yola düzəl,

Tiksə, nə yaxşı, nə gözəl,

Yıxsa da, Allaha şükür.

 

Oldu

 

Şaxta vurdu, dolu döydü,

Yaz gülləri hədər oldu.

Nəfsinə dov gələmmədi,

İnsan gəldi-gedər oldu.

 

Qırışdı, bürüşdü üzü,

Boşaldı, tutmadı dizi,

Axır bu gedər-gəlməzin,

Adı tale, qədər oldu.

 

Sovruldu göylərə külü,

Ha sızılda zülüm-zülüm,

Bu nagahan gələn ölüm,

Ölümdən də betər oldu.

Nahid Şəmşir