Həmsədrlərin səfəri sönük keçib

Hemsedr

Həmsədrlərin səfəri sönük keçib

ATƏT-in Misnk Qrupunun həmsədrlərinin ölkəmizə növbəti səfəri baş tutdu. Amma bu dəfəki səfər heç də əvvəlkilər səviyyəsində yadda qalmadı.

Adətən prezident və xarici işlər naziri ilə görüşən həmsədrləri bu dəfə rəsmilərdən yalnız Müdafiə naziri Zakir Həsənovun qəbulunda oldular. Ekspertlər həmsədrlərin gəlişinin sadəcə dövlət başçısının xaricə səfəri ilə üst-üstə düşməsi ilə əlaqələndirirlər və burada hər hansı bir eyham görmürlər. Amma onlar da hesab edir ki, Minsk Qrupunun fəaliyyətsizliyi göz qarşısındadır.

2 gün Azərbaycanın işğal olunmuş ərazilərində qalan həmsədrlər, artıq bizim adət etdiyimiz və bu günə kimi davam edən atəşkəsin pozulması və bunun qurbanlarının olmasını sadəcə təəssüf hissi ilə qarşılamaqla kifayətləndilər.
Ümumiyyətlə son vaxtlar Amerikalı həmsədr Ceyms Uorlikin özünün tvitter səhifəsində yazdığı ermənipərəst statuslar da Minsk Qrupuna olan inamın azalmasında böyük rol oynadı.

Xarici işləri nazirinin müavini Araz Əzimov həmsədrin geri çağırılması barədə ultimatım verdikdən sonra diplomatın daha liberal bəyanatlar verməsi də yaranmış soyuqluğu aradan qaldıra bilmədi. Həmsədrlərin ölkəmizə sonuncu səfərinin sönüklüyünü məhz bu soyuqluqla izah edən millət vəkili Zahid Oruc isə Minsk Qrupunun tərkibinə yenidən baxılmasını vacib sayır.

Əslində 11 üzvdən ibarət olmalı tərkibin, ermənipərəst mövqə ilə çıxış edən Fransa da daxil olmaqla 3 üzvdən formalaşması, Qarabağ münaqişəsini maraqların oyununa çevirir.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupu 1992-ci ilin martında yaradılıb. 2007-ci ildən Madrid prinsipləri müzakirə olunur. Minsk Qrupuna həmsədr ölkələrin dövlət başçılarının son bəyanatında qeyd olunur ki, Dağlıq Qaarabağ ətrafındakı 7 rayon azad olunmalı, qaçqınlar daimi yaşayış yerinə qaytarılmalı, münaqişə zonasına sülhməramlı qüvvələr yerləşdirilməli, Azərbaycan və Ermənistan arasında iqtisadi münasibətlər bərpa olunmalı və Dağlıq Qarabağın statusu gələcəkdə referendum yolu ilə müəyyənləşdirilməlidir. Ermənistan hələ ki, bu prinsiplərin həyata keçməsindən yayınır.