“İcra başçısı pul alıb…”

fazil

Fazil Mustafa: “Təkcə icra başçıları deyil, digər məmurlar da vətəndaşların əsəblərini tarıma çəkir”

“İntihar çıxış yolu deyil. Hər hansı rayon rəhbərinin, məmurun qanunsuz hərəkətinə etiraz olaraq özünü öldürmək yox, buna qarşı hüquqi müstəvidə mübarizə aparmaq lazımdır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa söyləyib.

Xatırladaq ki, bu gün Koroğlu metrostansiyasının yaxınlığındakı körpüdə intihara cəhd olub.

Fəqan Nəsibov adlı şəxs Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin onu aldatdığını əsas gətirərək, çıxış yolunu intiharda görüb.

O, bildirib ki, Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən onu aldadaraq 65 min dollar pulunu mənimsəyib. Başçı dəfələrlə ona pulu qaytaracağını desə də, vədinə xilaf çıxıb.

Millət vəkili Fazil Mustafa bildirdi ki, icra başçısının əməli təsdiqini taparsa, onun haqqında ciddi ölçü götürülməlidir: “Bu işlə hüquq-mühafizə orqanları məşğul olmalıdır. Onlar Lütvəli Babyevin həqiqətən vətəndaşı aldadıb-aldatmadığını, onun pulunu mənimsəyib-mənimsəmədiyini aydınlaşdırmalıdır. Əgər həqiqətən də icra başçısı pul alıb, vətəndaşı intihar həddinə gətiribsə, onun haqqında ən sərt formada ölçü götürülməlidir. Təəssüf ki, bu gün təkcə icra başçıları deyil, digər məmurlar da vətəndaşların əsəblərini tarıma çəkir”.

İnsanları səbrli olmağa, intihardan yayınmağa çağıran BQP sədri qeyd etdi ki, intihar çıxış yolu deyil:“Bu İslamda da yasaq olunur. İnsana canı Allah verir və heç bir insan öz canına qıya bilməz”.

Azər Niftiyev