Nazir Eldar Mahmudov İtalyan həmkarı ilə görüsdü

6

 

Azərbaycan və İtaliyanın təhlükəsizlik maraqlarının təmin olunması sahəsində müzakirələr aparılmışdır

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun dəvəti ilə İtaliyanın Xarici Məlumat və Təhlükəsizlik Agentliyinin direktoru, general-leytenant Adriano Santini ölkəmizdə rəsmi səfərdədir.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə italiyalı qonaqlar və general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş soydaşlarımızın xatirəsini də ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.
Sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov İtaliyanın Xarici Məlumat və Təhlükəsizlik Agentliyinin direktoru Adriano Santini ilə görüşmüşdür.
Görüşdə tərəflər arasında enerji təhlükəsizliyi, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, xüsusən də getdikcə daha geniş miqyas və təhlükəli xarakter almaqda olan terrorçuluq, ekstremizm, qanunsuz miqrasiya, bundan irəli gələn problemlərlə bağlı fikir mübadiləsi aparılmış, ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın yeni reallıqlara uyğun inkişaf perspektivləri müzakirə olunmuşdur.
Nazir Eldar Mahmudov aktual məsələ olan enerji təhlükəsizliyinin regional və beynəlxalq əhəmiyyət daşıdığını diqqətə çatdırmış, mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar haqqında qonağa ətraflı məlumat vermişdir.
Adriano Santini göstərilən qonaqpərvərliyə və hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirmişdir. Qonaq İtaliya ilə Azərbaycan, eləcə də müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun qaldığını, keçirilmiş dialoqların və məlumat mübadilələrinin ölkələrimizin əlaqələrinin daha da möhkəmləndirilməsi üçün faydalı olacağına əminliyini ifadə etmişdir.
İşgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır.