Xaçmazda yubiley konfransı keçirilib

XALQ.AZ xəbər verir ki, YAP Xaçmaz rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirib. Tədbir Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Elegiya” görüntülü mahnı ilə başlayıb.

Konfransı giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqillik yolunda ilk qədəmlərini atan Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini üzərinə götürərək, xilaskarlıq və quruculuq missiyasını böyük şərəflə yerinə yetirdiyini bildirib: “Ümummilli Lider özünün dahi şəxsiyyətlərə xas olan siyasi bacarığı gücünə ölkənin hərbi çevriliş cəhdlərindən, vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən və anarxiyadan xilas etdi, xalqı yenidən vahid məfkurə ətrafında birləşdirdi. Azərbaycan xalqı öz maddi-mənəvi sərvətlərinin sahibi oldu”.

Rayon təşkilatının sədri onu da vurğulayıb ki, azərbaycançılıq ideologiyasının Ulu Öndər Heydər Əliyev modeli millətimizin ən mükəmməl və ən kamil istiqlal bəyənnaməsidir. Natiq Ulu Öndərin Azərbaycan dövləti üçün gördüyü işlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib və qeyd edib ki, Ulu Öndərin siyasəti Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla həyata keçirilir.

Konfransda Hicran Şabanova “Ulu Öndər Heydər Əliyevin xilaskar missiyası”, Elman Məmmədov “Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfransda rayon icra hakimiyyəti başçısının birinci müavini, YAP Xaçmaz rayon təşkilatının şura üzvü İlhamə Nəzərova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin inkişaf etdiyini bildirib. O, müasir dövrümüzdə Ümummilli Liderin şah əsəri olan müstəqil Azərbaycanın etibarlı əllərdə olduğunu vurğulayan İ.Nəzərova ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 15 il ərzində müstəqilliyini daha da möhkəmləndirdiyini, sosial-iqtisadi, siyasi-diplomatik və hərbi quruculuq sahələrində uğurlara imza atdığını bildirib.

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir