Əflatun Amaşov Odessaya gedir

05

 

Sentyabrın 27-dən Ukraynanın Odessa şəhərində Müstəqil Dövlətlər Birliyinin medianın özünütənzimləmə qurumlarının növbəti illik toplantısı öz işinə başlayacaq. İki gün davam edəcək tədbirə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qatılacaq. Şuradan APA-ya verilən məlumata görə, ilk toplantıda MDB-nin medianın özünütənzimləmə şəbəkəsinə sədrliyin Azərbaycana keçəcəyi rəsmiləşəcək. Gələn il tədbirin ölkəmizdə təşkili məsələləri müzakirə olunacaq.

Toplantıda quruma üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatları dinləniləcək. MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edəcək.

Bundan başqa, tədbirdə özünütənzimləmə şəbəkəsinə yeni üzvlərin cəlbi, etik standartların qorunması ilə bağlı beynəlxalq monitorinqin nəticələri, habelə onlayn media ilə əlaqədar şikayətlərin araşdırılması xüsusiyyətləri müzakirəyə çıxarılacaq, söz və ifadə azadlığını müxtəlif aspektləri nəzərdən keçiriləcək.

Qeyd edək ki, toplantıda Ə.Amaşovla yanaşı, MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edəcək.