“Əgər yenə lazım olsa, yenə də o Dəmir Yumruq bunların təpəsinə vurulacaq” – Deputat

Məlumdur ki, Ermənistan silahlı qüvvələri və marionet rejiminin qanunsuz qüvvələri məsafədən idarə edilən bomba qoyulmuş itlərdən istifadə etməklə növbəti təxribat əməlini həyata keçirmək istəyib. Bəs, buna nə ad vermək olar? Onların niyyəti nədir?

Deputat Rüfət Quliyevin sözlərinə görə, buna heç bir ad vermək olmaz: “Çünki hətta ən vəhşi faşistlər belə bu addımı atmazdılar. Bu addım onlara heç bir üstünlük verməyəcək və heç bir məntiqi də yoxdur”.

Rüfət Quliyev sözlərinə belə davam edib: “Kimin kim olduğunu tarix göstərdi. Dünya artıq bizi qələbə çalan bir qüvvə kimi tanıdı, qəbul etdi və razılaşdı. Bununla Ermənistan özü də razılaşıb. Ermənistanın baş naziri dəfələrlə qeyd edib ki, Qarabağ Azərbaycanındır. Bunu Rusiya və hamı təsdiq edib. İndi stəkanda fırtına yaratmağa cəhd göstərməklə nə dəyişəcək?!

Onların böyük maraqları var ki, xaricdə yaşayan erməni diasporlarının fikrini cəlb edib onlardan pul alsınlar. Söhbət budur. Onlar hansı məzhəbə qulluq etdiklərini heç özləri də bilmirlər. İtirə-itirə gedirlər. Zaman bizə işləyir.

Biz hər zaman qeyd etmişdik ki, məsələni sülh yolu ilə həll edəcəyik. Cənab Prezidentin dediyi kimi: “Dəmir Yumruq yerindədir”. Əgər yenə lazım olsa, yenə də o Dəmir Yumruq bunların təpəsinə vurulacaq”.