Əhali 17 milyard kredit götürüb

35

 

Ölkənin kredit qoyuluşunda bank olmayan kredit təşkilatlarının (BOKT) xüsusi çəkisi artıb.  Mərkəzi Bankın son məlumatına görə, Azərbaycanda verilən kreditlərin 97 faizini banklar, 3 faizini bank olmayan kredit təşkilatları ayırır. Belə ki, avqustun 1-nə olan statistikaya əsasən, bu il kredit təşkilatları 17 milyard manat həcmində kredit verib. Cəmi kreditin 16,5 milyard manatını banklar, 502 milyon manatını qeyri-bank kredit təşkilatları ayırıb. Müqayisə üçün bildirək ki,  2010-cu ildə BOKT-nın kredit qoyuluşundakı payı 2 faizin altında idi.

Mərkəzi Bankın kommersiya banklarının məcmu kapitalı ilə bağlı qoyduğu tələblərə görə gələn il həm BOKT-nın sayı, həm də belə təşkilatların qoyduğu kreditlərin həcmi artacaq. Məlum olduğu kimi, yanvarın 1-dən Mərkəzi Bankın tələbi ilə yerli kommersiya banklarının məcmu kapitalının minimum həddi 50 milyon olmalıdır. Tələbi ödəyə bilməyən bankların BOKT-ya çevrilməsi gözlənilir.
Eyni zamanda bank kreditlərində sərt məhdudiyyətlərin tətbiqi fonunda bank olmayan kredit təşkilatlarının fəaliyyətinin genişlənməsi müşahidə olunur. Hazırda belə təşkilatların sayı 157-yə çatıb. Bir sıra mütəxəssislərin fikrincə, BOKT-ların sayının artması bazarda rəqabət yarada və ölkədəki kredit faizlərinin aşağı düşməsinə təkan verə bilər. Habelə bankların gəlirlərinin azalmasına təsirsiz ötüşməyəcək. Ehtimallara görə, proses kredit portfelindəki istehlak kreditlərinin həcminin azalmasına, biznes kreditlərinin üstünlük təşkil etməsinə rəvac verəcək.
Lakin İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev gələn il ciddi dəyişikliklərin olmayacağını düşünür: “Azərbaycanda bank olmayan kredit təşkilatların fəaliyyəti genişdir, hətta sayı kommersiya banklarından daha çoxdur. Amma BOKT-ların verdiyi kreditlərin həcmi ümumi kredit portfelində çox az çəkiyə malikdir. Doğrudur, onların vəsaitlərinə çıxış imkanları daha rahatdır, amma faiz dərəcələri kifayət qədər yüksəkdir. Bank olmayan kredit təşkilatları da daha çox istehlak kreditlərinə üstünlük verir”.
Bu baxımdan iqtisadçı BOKT-ların sayının artmasının kredit portfelində biznes kreditlərinin həcminin artacağına təkan verəcəyini düşünmür: “Onların verdiyi kreditlərin məbləği kiçik olur, həm də banklarla müqayisədə yüksək faizlə olur. Ona görə də BOKT-ların kreditlərinə geniş maraq yoxdur”.
S.Əliyevin sözlərinə görə, gələn il məcmu kapitalını ödəyə bilməyən bankların BOKT-ya çevrilməsi mərhələsi asan olmayacaq: “Mərkəzi Bank yeni qaydalar tətbiq edib. Orada bankların BOKT-ya çevrilməsi üçün müəyyən tələblərə cavab verməlidir. Onlardan biri də əmanətlərin qaytarılması ilə bağlıdır. Bundan əlavə bir neçə əlavə BOKT-nın yaradılması bazarda əhəmiyyətli dəyişiklik yarada bilməz. Bankların resursları daha yüksək olduğundan BOKT ilə rəqabətdə yenə də üstünlük qazanacaq. Ola bilsin ki, gələn il proseslər banklar tərəfindən kredit şərtlərini daha da asanlaşdıra bilər. Burada faiz dərəcələrini nəzərdə tutmuram. Hər bir halda kreditlər üzrə faiz dərəcələri yenə də yüksək olacaq. Amma banklar bazardakı rəqabəti qazanmaq üçün verilmə şərtlərini yumşalda bilər. Amma BOKT-ların üstünlüyü ondan ibarətdir ki, onlar daha çox regionlarda işləyirlər. Hətta ən ucqar kəndlərdə belə işlərini qura bilirlər. İndi bankların bu işi qura bilib-bilməyəcəyini zaman göstərəcək”.