Əhalinin sosial rifahının yaxşılaşdırılır

Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatından görünür ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası uğurlu nəticələrin əldə olunmasına imkan yaradıb.

XALQ.AZ xəbər  verir ki,  bunu Milli Məclisin deputatı Soltan Məmmədov parlamentdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

O qeyd edib ki, iqtisadiyyatın bütün sahələrinin inkişafını əks etdirən göstəricilər, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə atılmış addımlar ölkəmizin daha da güclənməsinə xidmət edir.

“Ötən il ərzində makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm nailiyyətlər var. Düşünürəm ki, təqdim olunan hesabat sosial-iqtisadi proseslərin real mənzərəsini müfəssəl əks etdirir.

Bu baxımdan, səhiyyə sahəsində əldə olunmuş uğurlar da təqdirəlayiqdir. İcbari tibbi sığortanın tətbiqi, tibbi xidmətlər zərfinin genişləndirilməsi, səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi əhaliyə göstərilən xidmətlərin əlçatanlığını artırmağa imkan yaradır.

Hesabatda qeyd olunduğu kimi, ixtisaslaşmış narkoloji tibb müəssisəsinin tikintisinə əlavə 10 milyon manat vəsait ayrılıb. Bu narkoloji xəstəliklərlə mübarizə sahəsində çox müsbət addımdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əsas hədəflərindən biri də reabilitasiya mərkəzlərinin sayının artırılması idi. Bu istiqamətdə həqiqətən ciddi uğurlar var və Azərbaycanda artıq çoxlu sayda belə mərkəzlər yaradılıb”, – deyə deputat bildirib.

 

O qeyd edib ki, narkoloji xəstəlikdən əziyyət çəkən vətəndaşların müalicə və reabilitasiya prosedurları xüsusi həssaslıq tələb etdiyindən bu müəssisələrin “Narkoloji xidmət və nəzarət haqqında” qanunun tələblərinə uyğun olaraq fəaliyyət göstərməsinə nəzarətin gücləndirilməsi vacibdir. Narkoloji yardım sahəsində xidmət göstərən hüquqi şəxslərin fəaliyyətinin Səhiyyə Nazirliyi tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirməsi də mühüm əhəmiyyət kəsb edir.

“Bu müəssisələr müəyyən edilmiş müalicə protokollarından kənara çıxma hallarına yol verməməlidirlər.
İmmunoprofilaktika yoluxucu infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə metodu kimi Azərbaycanda hər zaman uğurla həyata keçirilib. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında da ölkəmizin bu sahədə qabaqcıl yerlərdə olduğu əksini tapıb. Bəzi infeksion xəstəliklərin, xüsusilə, uşaqlar arasında qızılca xəstəliyinin yayılması immunoprofilaktika tədbirlərinin nə qədər vacib olduğunu bir daha təsdiq edir. 1 yaşına qədər uşaqların beşvalentli vaksinlə 68,3 faiz, pnevmokok əleyhinə peyvəndlə 68,2 faiz, 6 yaşlı uşaqların qızılca, məxmərək və epidemik parotit əleyhinə vaksinlə 72,3 faiz əhatə olunması bu sahədə daha çox səy göstərilməsinin zəruriliyinə işarədir. Eyni zamanda, uşaqların peyvənd proqramlarına cəlb olunması məsələsinə yenidən baxmaq, ehtiyac olduğu halda bəzi digər xəstəliklərə qarşı vaksinasiyanı da Milli Pevənd Təqviminə daxil etmək olar. Biz bu mövzuda Səhiyyə Nazirliyi ilə mütəmadi müzakirələr aparırıq və təqdirəlayiq haldır ki, nazirlik məsələni xüsusi diqqətdə saxlayır.

Müxtəlif xəstəliklərin müalicəsi ilə bağlı proqramların icrasına ayrılan vəsait dövlətin səhiyyəyə və vətəndaşların sağlamlığına xüsusi diqqətinin ifadəsidir. Bu proqramların qəbul edilməsi icbari tibbi sığorta sisteminin tam uğurlu tətbiqinə doğru ardıcıl addımların atıldığı mərhələdə böyük önəm kəsb edir. İcbari tibbi sığorta sisteminin tətbiq dairəsinin genişlənməsi tendensiyası gələcəkdə ayrı-ayrı dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin xidmətlər zərfində tam əhatə olunacağına böyük ümidlər yaradır. Nümunə üçün qeyd edək ki, ötən il “Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması tədbirləri” proqramının icrasına 2 milyon manatdan bir qədər çox vəsait ayrılıb. Bununla paralel olaraq, 2023-cü il ərzində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 451 uşağa 521 ürək-damar əməliyyatı və proseduru icra olunub.

Müxtəlif xəstəliklərin müalicəsi ilə bağlı dövlət proqramlarının icrası sahəsində görülən işlər hesabatda əksini tapıb. Əvvəlki illərlə müqayisəli göstəricilərin hesabata daxil edilməsi görülən işlərin həcmi barədə daha müfəssəl məlumat almaq baxımından məqsədəuyğun olardı.

Hesab edirəm ki, Nazirlər Kabinetinin hesabatı ölkəmizin inkişafını, əhalinin sosial rifahının ildən-ilə yaxşılaşdığını göstərir. Hesabatı müsbət qiymətləndirir və həmkarlarımı sənədi dəstəkləməyə çağırıram”, – deyə o əlavə edib.