Əlacı kəsilən separatçılar çıxılmaz durumda

Separatçıları Avropaya göndərən Ermənistanın avantüraları nəticə verməyəcək

“Qondarma rejim Ermənistanda yenidən baş qaldırmağa çalışır. İrəvana sığınan erməni separatçı rejimin tör-töküntüləri bu məqsədlə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərliyi ilə “Artsax üzrə beynəlxalq komitə” də yaradıblar. Ermənilər 44 günlük müharibədə darmadağın edilən ideyalarını yenidən gündəmə gətirmək və Qərbdən maliyyə vəsaiti almaq niyyəti ilə ağıllarına gələn bütün üsullara əl atırlar. Lakin unudurlar ki, Azərbaycanın qətiyyəti qarşısında onların cəhdləri heç bir nəticə verməyəcək”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, separatçıların əsas məqsədi İrəvana köçən ermənilərin Qarabağa qayıdışını təmin etməkdir: “Ona görə də yaratdıqları “komitə” ilə Qərbin müxtəlif siyasi xadimləri ilə intensiv görüşlər keçirirlər. Separatçılar həm də maliyyə vəsaitləri əldə etmək istəyirlər. Çünki vaxtilə onlara pul yatıran kilsə və diaspor təşkilatları artıq vəsait ayırmır. Yəni qondarma qurumun mövcud maliyyə mənbələri kəsilib. Əlacı kəsilən separatçılar belə olan halda Qarabağ kartından istifadə etmək üçün Qərbə üz tuturlar”.
Arzu Nağıyevin sözlərinə görə, xarici işlər naziri olduğu vaxtlarda Ermənistanın, eləcə də qondarma qurumun bir işinə yaramayan Oskanyan indi nəsə əldə edəcəyinə ümid edir: “Hələ o vaxt qurduğu əlaqələrindən istifadə edərək separatçı rejim üçün maliyyə mənbələrini işə salmağa çalışır. Yaratdığı “komitə” ilə görüşlərə qatılan bu şəxs müxtəlif ölkələrdə yerləşmiş erməni lobbisi ilə yaxın əlaqələr qurur. Lakin belə separatçı şəxsləri qəbul edən rəsmilər anlamalıdırlar ki, onların bu davranışı Azərbaycanın suverenliyinə təhdid kimi qəbul edilə bilər.
Deputat onu da bildirib ki, Paşinyan hökuməti İrəvana sığınan ermənilər üçün “qaçqın” statusunu təmin etməyə çalışır. Ona görə də dəfələrlə qondarma etnik təmizləmə məsələsini qaldırıblar. Lakin bütün dünyaya məlumdur ki, Ermənistana köçən və vaxtilə Qarabağ ərazisində yaşayan ermənilər heç bir qaçqın statusuna malik deyillər. Çünki onların böyük əksəriyyəti Ermənistan pasportundan istifadə edirlər.
Arzu Nağıyev yekunda vurğulayıb ki, Ermənistanın belə absurd cəhdləri heç bir nəticə verməyəcək: “Əgər avantürist cəhdləri ilə nə isə əldə etmək mümkün olsaydı, bunu 30 il ərzində bacarardılar. Azərbaycan Ordusu Ermənistanın illər boyu qurduğu istehkamları cəmi 44 günün içində darmadağın etdi. Cəmi 23 saat ərzində isə separatçı rejimi tarixin zibilliyinə yolladı. Odur ki, Vardan Oskanyanın timsalında ölkəmiz əleyhinə qərəzli və təxribatçı addım atan bütün qüvvələr məğlubiyyətə məhkumdur”.