“Əli Kərimlinin çox ciddi psixoloji problemləri var

“AXCP və onun yarıtmaz funksionerləri hər zaman öz uğursuzluqlarının səbəbini başqa yerlərdə axtarıblar və başları qeybətə, kiminsə arxasınca danışmağa, ittiham eləməyə, nifrinlər püskürməyə o qədər qarışıb ki, siyasətlə məşğul olmaq yadlarından çıxıb. Ona görə də bu gündədirlər, inkişaf edə bilmirlər, videokonfranslarda sərgilədikləri rəzilliklərdən savayı heç nə ilə yadda qalmırlar”.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, Müsavat AXCP-nin əzəli düşmənidir: “Nəinki Müsavat, elə bütün müxalif partiyalar. Əli Kərimli və onun tayfasının əsas məqsədi, hədəfi həm də müxalifətçiliyi monopoliyada saxlamaqdır. Səbəb isə sadədir: xaricdə müxalifətçi kimi yalnız bunlar tanınsınlar, əsas alternativ kimi yalnız özlərinin adı keçsin. Hərçənd məsələ burasındadır ki, hazırda müxalif cəbhədə ən zəif, resurssuz, adamsız, dəstəksiz qüvvə də elə məhz özləridir. Məlum vəziyyətlərini, durumlarını isə təhqirlə, yalanla, boğazdan yuxarı fikir söyləməklə kompensasiya eləməyə çalışırlar”.

E.Musayev onu da bildirib ki, video konfranslara baxarkən bir həqiqəti anladım ki, Əli Kərimlinin çox ciddi psixoloji problemləri var: “Düzdür, bu problem həmişə olub. Amma indi məsələ daha ciddidir. Ona görə də AXCP sədri ilk öncə özünü həkimə göstərməli, diaqnozunu müəyyən eləməli, daha sonra danışmalıdır”.