Əliabbas Salahzadə seçicilərlə növbəti görüşünü keçirib

Milli Məclisin deputatı Əliabbas Salahzadə Sabunçu rayonu Pirşağı qəsəbəsinin seçiciləri ilə görüş keçirib.

Görüş zamanı qəsəbə sakinlərini  narahat edən məsələlər dinlənilib, fikir mübadiləsi aparılıb. Seçicilər daha çox məşğulluq, işsizlik, sosial müavinət, yolların bərpası və bu kimi digər məsələlərlə  bağlı müraciətlər səsləndiriblər.

Millət vəkili Əliabbas Salahzadə dövlətimizin uğurlu siyasəti nəticəsində dayanıqlı iqtisadi inkişafdan və sosial layihələrdən bəhs edib. Bildirib ki, dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanda belə dövlətimiz heç bir sosial layihəni təxirə salmadı, iqtisadi islahatlar daha da dərinləşdirildi. “Güclü dövlət, yüksək rifah” həyata keçirilən siyasətin əsasını təşkil edir. Ölkə Prezidenti İlham Əliyevin çıxışlarında  bu  fikir xüsusi qeyd edilir ki, vətəndaş amili dövlət siyasətinin əsasıdır. Vətəndaş məmnunluğunun artırılması prioritetdir.

Seçicilərin  müraciəti  qeydiyyata alınaraq narahat edən problemlərin  tezliklə həll olunması üçün  bütün lazımi addımların atılacağı, müvafiq qurumlara məktub ünvanlanacağı bildirilib.

Seçicilər səmimi qəbula görə minnətdarlıqlarını və onları narahat edən məsələlərin öz həllini tapacağına əminliklərini ifadə ediblər.