Əlilliyə görə müavinət artırılır? – AÇIQLAMA

Son günlər əlilliyin təyin edilməsi ilə bağlı qanun layihəsinə dəyişikliklərin edilməsi məsələsi müzakirə olunur. Əlilliyə görə müavinət artırıla bilərmi? Əsas da şəffaflığın təyin edilməsində əvvəlki kimi saxta əlilliyin alınmasının qarşısını necə almaq olar?

Mövzu ilə bağlı deputat Cavid Osmanov açıqlama verib:

“Azərbaycan Prezidenti Cənab İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində vətəndaş amili, insan amili dayanır. Ölkəmizin qüdrəti, iqtisadi gücü artdıqca, ölkədə müavinətlər, pensiyalar, əlilliyə görə verilən müavinətlər, əmək haqları mütəmadi olaraq artırılmaqdadır. Ölkə Prezidenti Cənab İlham Əliyevin yürütdüyü siyasət sosial yönümlüdür. Son iki ilə yaxın müddətə nəzər salsaq, görərik ki, şəffaflığın artırılması istiqamətində vacib addımlar atılır. Eyni zamanda ölkədə islahatların aparılması prosesi davam edir. Bu islahatlardan biri də əlilliyin təyin edilməsində şəffaflığın artırılması istiqamətindədir. Əvvəlki illərdən fərqli olaraq, indiki dövrdə müvafiq icra hakimiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saxta əlilliyin verilməsinin qarşısı alınır. Ötən dövrlərdə saxta əlillik verilmiş şəxslər ifşa olunur və onlara verilən müavinətlər dayandrılır. Bu sahədə aparılan məqsədyönlü islahatların nəticəsi olaraq, gələcəkdə əlilliyə görə verilən müavinətlərin artırılması da həyata keçirilə bilər.

Digər tərəfdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə işlər aparır. Bununla bağlı Milli Məclisin son plenar iclaslarında da əlilliyin təyin olunması və yeni qaydaların tətbiqi istiqamətində qanunlar qəbul edilməkdədir”.