Əminə Ağazadə yeni qanun qəbul olunmasını təklif etdi

Bu günlər sosial şəbəkədə Bakının Suraxanı rayonunda yerləşən 282 nömrəli məktəbdə sagirdin sinifdə qeyri-etik hərəkətlər etməsi, digər şagirdlərə zor tətbiq etməsilə bağlı məlumatlar yayılıb. Cəmiyyətimizdə çox az hallarda səslənən, baş versə belə haqqında az danışılan, lakin gələcək nəslin formalaşmasında, onun sosial-psixoloji sağlamlığının təmin edilməsində önəmli rol oynayan bu faktorun bəzi aspektləri haqqında öz fikirlərimi bölüşmək istərdim. 

UNİCEF-ə görə görə bullinq (ing. “bullying”) uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Başqalarına təsir etmək üçün iş yerində və ya məktəb mühitində tətbiq edilən bullinq, zorbalıqdır. Hədəf alınan “qurbanlar” cinsiyyət, dil, irq, din və başqa mövzularda təsirə məruz qalırlar. Bullinq məktəbdə zorbalıq və iş yerində də həmyaşıdların istismarı olaraq adlandırıla bilər. 

Çox zaman uşaqlar arasında baş verən konfliktlər böyüklər tərəfindən biganəliklə qarşılanır. Məktəb rəhbərliyi və ya valideynlər bu kimi konfliktlərin ciddi olmadığını, uşaqların bunları yaşayaraq böyüdüklərini və problemlərini özləri həll edə bilməyi beləcə öyrəndiklərini düşünərək müdaxilə etməyin mənasız olduğunu hesab edirlər. Bir çox hallarda şagirdlərin ailələrinin “status”ları, uşaqlara ailələrində “lider olmaq” tapşırıqları, düzgün tərbiyə edilməmələri bir vaxtdan sonra bu və digər neqativ hallar kimi ortaya çıxa bilir.

Təhsil müəssisələrində müəllimlər tərəfindən bullinq təxribatına yol verilməsi onların peşə və ixtisas səviyyəsinin aşağı olması və ya çox gənc olmaları, kifayət qədər pedaqoji təcrübələrinin olmaması ilə əlaqədar ola bilir. Unutmaq olmaz ki, bullinq təxribatına yol verən də və onu dayandıra biləcək yeganə şəxs müəllimdir. Bu baxımdan müəllimlər şagirdlərinə qarşı daha diqqətli olmalıdırlar. Əgər bütün sinif qarşısında müəllim şagirdi alçaldırsa, fiziki güc tətbiq edirsə, digərləri bu halların gələcəkdə tətbiqinə özləri yol verəcəklər. 

Bullinq həm də sosial ədalət prinsiplərinin pozulması deməkdir. Sosial ədalət bütün insanların sərvət, tibbi xidmətlər, rifah və fürsətlərə bərabər çıxışının vacibliyini izah edən bir anlayışdır. Buna görə də bərabər imkanların təmin olunmadığı cəmiyyətdə böyüyən uşaqlar arasında bullinq kimi ədalətsizlik hallarının çox olması təəccüb doğurmur. Həmçinin, məktəblərin bullinqlə bağlı mübarizə aparacaq əsas heyət üzvlərinə diqqət yetirərkən burada sosial işçi ştatının olmadığı da görünür. Halbuki təhsil sahəsində qabaqcıl ölkələrdə sosial işçilər məktəbdə bullinqlə mübarizədə bir nömrəli kadr hesab olunur. Bundan əlavə, məktəblərdə sosial işçilərin çalışmasının məktəblər, eləcə də məktəbin yerləşdiyi icma və rayonlar üçün nə dərəcədə əhəmiyyətli olduğu barədə məqalədə geniş izah verilir.

Bullinqlə mübarizə çoxmərhələli və çoxşaxəli prosesdir. Hər bir məktəb öz fəaliyyət planlarında bullinqin profilaktikası işinə ən vacib məsələ kimi yanaşmalı və dərs ili boyu bu məqsədlə bir sıra qabaqlayıcı tədbirlər həyata keçirməlidir. Təbiidir ki, bu fəaliyyət planı rayon təhsil şöbələri və yerli icra hakimiyyətləri tərəfindən dəstəklənməli və bu tədbirləri uğurla həyata keçirmək üçün məktəblərin resurslarla zənginləşdirilməsi məqsədilə onlara yardımlar edilməlidir. Antibullinq kampaniyasının bütün ölkə üzrə həyata keçirilməsi üçün təhsil üzrə bütün əlaqədar struktur və rəhbərliklər qanunlar, fərmanlar hazırlamaqla yanaşı, kurikulum dəyişiklikləri, antibullinq proqramları yaratmaq işinə də göstəriş verməlidirlər.

Azərbaycan məktəblərində məktəb heyətinin daxili intizam qaydalarını məktəbin müdiriyyəti və həmkarlar ittifaqı komitəsi həmin məktəbin iş şəraitinə uyğun hazırlayıb təsdiq edirlər.

Məktəb sosial işçilərinin peşəkarlığının artırılması məqsədilə Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə sistemli təcrübə proqramları hazırlanarsa və hər bir sosial işçiyə bu təcrübə proqramlarını bitirmək kimi öhdəlik qoyulsa bu məktəblərin fəaliyyətində və ümumiyyətlə məktəbin yerləşdiyi icmada çox böyük müsbət dəyişikliklərə səbəb ola bilər.  

Azərbaycanda indiyədək bullinq əleyhinə heç bir qanun layihəsi işlənib hazırlanmayıb. Bullinq hallarının qarşısının alınması üçün bullinqə geniş izah verə biləcək və profilaktika məqsədilə müəyyən proqramların yaradılmasını tələb edəcək qanun layihəsinin hazırlanması və tətbiq edilməsi məktəblərdə bullinqin qarşısının alınmasına ən böyük yardım göstərmiş olardı. Bullinq şagirdlərin böyümə prosesində ən ciddi problem olub, dərin travma izləri buraxacaq davranışlardan biridir və onun qarşısının alınması məktəblərin və təhsil sisteminin qarşısında duran ən vacib məsələdir.

 Əminə Ağazadə

Milli Məclisin deputatı