“Ən pis danışıqlar da hərbi əməliyyatlardan daha çox arzuolunandır”

“Ermənistan-Azərbaycan delimitasiya komissiyasının işi davam etdirilməlidir”. 

Xalq.az  xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan erməni mediasına açıqlamasında deyib.

Xatırladaq ki, bundan bir həftə əvvəl iki ölkənin milli delimitasiya komissiyaları sədrlərinin -baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın başçılığı ilə nümayəndə heyətləri sərhədin Arazdəyən sektorunda görüşüblər.

Elə həmin gün dərc olunmuş məlumatda deyilirdi ki, tərəflər sərhəddə təhlükəsizliyin təminatı da daxil delimitasiya və başqa məsələlərin üzərində komissiyaların çərçivəsində işləmək barədə razılığa gəldiklərini bildiriblər. Nəzərdə tutlmuşdu ki, komissiyaların növbəti iclası Moskvada keçiriləcək.

Ermənistanın delimitasiya komissiyasının üzvü olan Arman Sarkisyan bu görüşün konkret tarixini deməyib. O bildirib ki, bu görüşün keçiriləcəyindən əmindir: “Təbii ki, komissiyanın işi davam etdirilməlidir. Çünki danışıqlar bütün mənalarda ən yaxşı həldir. Ən pis danışıqlar da hərbi əməliyyatlardan daha çox arzuolunandır”.

Buna baxmayaraq mayın 31-də parlamentə büdcə müzakirəsinə qatılmaq üçün gəlmiş Arman Sarkisyan və milli təhlükəsizlik xidmətinin başçısı Aram Akopyan delimitasiyanın hansı xəritələrlə aparılacağına dair suallara konkret cavab verməyiblər.

Arman Sarkisyan deyib: “Bunlar müzakirəsi zəruri olan məsələlərdir. Hələki bir görüş olub. O görüşdə təşkilat məsələləri, sonrakı addımlar müzakirə olunub”.