Ərəb KİV-ləri: İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqı nümayəndələrinin Azərbaycana səfəri səmərəli keçib

İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqının nümayəndə heyətinin Azərbaycana səfəri ərəb ölkələri mətbuatı, o cümlədən Səudiyyə Ərəbistanının, Misirin, Bəhreynin, Omanın milli informasiya agentlikləri tərəfindən geniş işıqlandırılıb, səfərin məhsuldar və səmərəli keçdiyi vurğulanıb.

XALQ.AZ xəbər verir ki, ərəb mətbuatında İttifaqa daxil olan nüfuzlu media qurumlarının nümayəndələrinin ölkəmizdə keçirdiyi görüşlər barədə məlumatlar yer alıb. Qeyd olunub ki, bu görüşlərdə İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqı və onun fəaliyyətindən, Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi dəyərli töhfələrdən və islamofobiya hallarına qarşı kəskin mövqeyindən geniş söhbət açılıb.

Ərəb KİV-ləri nümayəndə heyəti ilə AZƏRTAC-da keçirilən görüşə də xüsusi diqqət ayırıb. Vurğulanıb ki, görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın prezidenti Aslan Aslanov agentliyin tarixi, strukturu, beynəlxalq əlaqələri, habelə bu günlərdə Bakıda keçirilmiş VI Beynəlxalq Humanitar Forum haqqında ətraflı məlumat verib. Bildirilib ki, Forum çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda keçirilən işçi sessiyada feyk xəbərlərin dünyada doğurduğu yeni çağırışlardan, təhdidlərdən bəhs olunub, yanlış məlumatlandırma siyasətinə qarşı birgə mübarizənin vacibliyi vurğulanıb.

Ərəb mediasında dərc olunan yazılarda İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqının büro üzvü olan AZƏRTAC-ın qurumun işində fəal iştirakının məmnunluq doğurduğu qeyd edilib, həmçinin nümayəndə heyətinin Azərbaycandakı tolerant mühit, Bakının gözəlliyi, hər addımda müşahidə olunan inkişafla bağlı təəssüratları əksini tapıb.

 

 

Orxan