“Ərdoğan prezident seçildikdən sonra qarşısında duran əsas məsələləri də müəyyən edib” – Millət vəkili

“Heç kəsə sirr deyil ki, bu gün dünyada dövlətlər arasında bir etimadszlıq hökm sürməkdədir”.

Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Bu reallıq fonunda Azərbaycan-Türkiyə münasibətləri bir nümunədir. “Dövlətlərarası münasibətlər necə olmalıdır?” sualına cavab axtarırsınızsa, dərin xəyallara qapılmağa, iri ensklopediyaları vərəqləməyə ehtiyac yoxdur. Azərbaycan-Türkiyə münasibətlərinin fəlsəfəsini öyrənmək elə həmin suala ən düzgün cavab olardı. Bu gün Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik və hərbi müttəfiqlik münasibətlərdir. Dövlətlərimiz, xalqlarımız və prezidentlərimiz dost və qardaşdır və bunu bütün dünyaya nümayiş etdirirlər”.

Deputat Rəcəb Tayyib Ərdoğanın 13 iyulda baş tutacaq səfəri və səfərlə bağlı fikirlərini də bölüşüb.

“Cənab Rəcəb Tayyib Ərdoğan Türkiyədə keçirilən növbəti prezident seçkilərində qalib gəldikdən sonra həmişəki kimi bildirdi ki, ilk rəsmi səfərlərini Şimali Kipr və Azərbaycan Respublikalarına edəcək. Cənab Ərdoğan sözünün ağasıdır və yaxın günlərdə Azərbaycana rəsmi səfəri gözlənilir. Beləliklə bu səfər bir daha bütün dünyaya bizim dostluğumuzun, qardaşlığımızın bariz nümunəsi kimi nümayiş olunacaq”.

“Hesab edirəm ki, səfər çərçivəsində çox ciddi regional və təhlükəsizlik məsələləri nümayiş ediləcək” – deyə, deputat əlavə edib:

“Heç şübhəsiz ki, Cənubi Qafqazdakı hazırkı durum, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsi imzalanması istiqamətində münbit şəraitin təminatı, Ermənistan və Azərbaycan arasında kommunikasiyanın bərpası və Zəngəzur dəhlizinin işə salınması, habelə sərhədlərin delimitasiyası kimi məsələlər xüsusi olaraq müzakirə ediləcək. Təbii ki, Zəngəzur dəhlizinin açılması hər zaman Azərbaycan ilə Türkiyənin qaldırdığı məsələlərdir. Eyni zamanda da cənab Ərdoğan prezident seçildikdən sonra qarşısında duran əsas məsələləri də müəyyən edib. Bunlar ilk növbədə zəlzələdən ziyan çəkmiş ərazilərin bərpası ilə bağlı məsələlərdir. Eyni zamanda Azərbaycan prezidenti cənab İlham Əliyev İstanbulda mühüm bir tədbirdə bəyan etdi ki, Kahramanmaraş şəhərində 1000 yaşayış binasının tikintisi öhdəlyini üzərinə götürüb. Yəqin ki bu və bunabənzər məsələlər ətrafında da ciddi müzakirələr olacaq. Bu səfərlər bir daha bütün dünyaya nümayiş etdirəcək ki, Türkiyənin bugünki dünya dövlətləri sırasında ən yaxın dostu, müttəfiqi Azərbaycandır. Bu keçmişdə də belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaq”.