Ərdoğan rəsmən vəzifəsinin icrasına başlayıb

 

14

Avqustun 10-da keçirilən prezident seçkilərində Türkiyənin 12-ci prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan bu gün and içərək rəsmən fəaliyyətə başlayıb.

 

Andiçmə mərasimi Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilib.

Andiçmə mərasimindən öncə Türkiyə parlamentində qalmaqal yaranıb. CHP-dən olan millət vəkili Engin Altay spiker Cəmil Çiçəkden söz istəyib. Çiçək isə bunun inauqurasiya mərasiminə zidd olduğunu deyərək, söz verməkdən imtina edib. Buna cavab olaraq Engin Altay TBMM-in daxili nizamnaməsini yerə atıb və digər CHP-li deputatlarla birlikdə salonu tərk edib. MHP və BDP-dən olan deputatlar liderləri Dövlət Baxçalı və Səlahəddin Dəmirtaşla birlikdə salonda qalıblar.

 

Alqışlarla salona daxil olan R.T.Ərdoğan prezident kimi and içib. Daha sonra Türkiyənin İstiqlal Marşı səslənib. Ərdoğan TBMM binasından Mustafa Kamal Atatürkün məzarını ziyarət etməyə yollanıb.

 

Qeyd edək ki, andiçmə mərasimində bir çox ölkələrin dövlət və hökumət rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətləri də iştirak edib. Azərbaycanı mərasimdə baş nazir Artur Rasizadənin başçılıq etdiyi heyət təmsil edib.