“Ərkivan Salnaməsi”

Erkivan

Ərkivan həqiqətləri

Masallı rayonunun axar-baxarlı, füsunkar yerlərindən biri də Ərkivan qəsəbəsidir . 21 iyun 2007-ci il tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ziyalılar , alimlər olan bu kənd qəsəbə statusunu almışdır .

Bu məkanın keçmişi, bu günü və gələcəyinə həsr olunmuş kitabın- “Ərkivan salnaməsi”nin (Bakı şəhəri, “Viktori” nəşriyyatı, 2009-cu il, 593 səhifə) müəllifi Abdürrəhman Qubad oglu Səmədovdur.
“Ümumrusiya Azərbaycan Konqresi” Murmansk bölməsinin Mətbuat, informasiya və ictimaiyyətlə iş mərkəzinin rəhbəri,
Rusiya və Azərbaycan Jurnalistlər İttifaqının üzvü,
RF Murmansk Vilayəti Qubernatorunun Millətin İşləri üzrə Məşvərət Şurasının üzvü Əlıhüseyn Məmmədhüseyn oğlu Şükürov yazmışdır.

Kitabın müəllifi Abdürrəhman Qubad oglu Səmədov Ərkivanın Qızılaküçə məhəlləsində, 20 iyun 1936-ci ildə doğulmuşdur. Elmə olan marağı onu Gəncə, indiki Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına gətirmiş, 1945-1950-ci illərdə baytarlıq ixtisası üzrə burda təhsil almışdır. 1952-1972-ci illərdə Masallı Rayon Torpaq şöbəsinin, rayon kənd təsərrüfatı idarəsinin baytar həkimi, Dövlət Baytarlıq Müfəttişi vəzifələrində işləmişdir. 1996-cı ildə Azərbaycanın Əməkdar Baytar Həkimi fəxri adına, 2003-cü ildə “Qızıl Qələm”, “Əsrin ziyalısı” və “İlin nüfuzlu ziyalısı” mükafatlarına layiq görülmüşdür. 2009-cu ildə Respublika Ağsaqqallar Şurasının qurultayının nümayəndəsi seçilmişdir.
Qəfil avtomobil qəzası onu aramızdan vaxtsız apardı…

Mən “Ərkivan salnaməsi”ni yaradan Abdürrəhman Qubad oğlu Səmədovla sağlığ
ıda öz evində görüşüb, söhbət etmişdim.O, ensiklopedik biliyə məxsus bir şəxs idi. Danışırdı ki, “torpaq çörəyi ilə, insan əməyi ilə tanınar” demişlər. Bu torpağın – Ərkivanın minlərlə əməyi ilə tanınan insanlarından biri kimi onun salnaməsini yazmaq fikrinə düşdüm. Budur, artıq kitab araya-ərsəyə gəlib. Kitabın işıq üzü görməsinə baş sponsorluq edən Kərbəlayı Qalib Nurulla oğlu Məmmədovun doğma yerlər üçün bir sıra xeyirxah işlərin görülməsində payı var. Ərkivanın gözəl təbii coğrafi şəraiti, arxeoloji, tarixi, memarlıq abidələri, alimləri, mədəniyyət, incəsənət, din xadimləri, insanların məşğuliyyəti, idmançıları doğma Qarabağımız uğrunda döyüşlərdə həlak olmuş cəsur oğulları, iş adamları və sənətkarları haqqında müfəssəl məlumatlar verilmişdir. Ərkivan qəsəbəsi ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət qalıqları əsasında burada ən qədim insanların hələ 20 min il əvvəldən yaşamağa başlamaları müəyyən olunmuşdur. Ərkivan tarixi abidələr yurdudur. Burada cox qədim tarixə malik olan 4-6-cı əsrlərdə tikilən sərkərdələr məskəni olan Ərkivan qalası, 1253-1334-cü illərdə Şah İsmayıl Xətainin burada olub, su içdiyi məşhur ziyarətgah sayılan “Şah Səfi” bulağı 19-cu əsrdə inşa edilən və indi də ibadətgah sayılan məscid binası (abidəsi),müqəddəs cəddinin sayəsində möcüzələr sahibi olan Ağa Seyid Sadıq məqbərəsi yerləşir. İndi Ərkivanda 13 məhəllə, 3765 ev təsərrüfatı var. Burada 4 orta, 1 əsas məktəb, bir sağlamlıq mərkəzi feldşer-mama məntəqəsi, poçt, ATC, uşaq bağçaları, 2 şadlıq sarayı, 3 yanacaqdoldurma və 1 qazdoldurma məntəqəsi, yüksək gərginlikli elektrik ötürücüsü, qazpaylayıcı stansiya, 2 kərpic sexi, 5 zürəbişirmə sexi, 37 bulaq və artezian quyusu, 1 şəkər sexi, 10-a yaxin kollec, mədəniyyət evi, 4 kitabxana “Türkan” və “Daştvənd” istirahət mərkəzləri, 3 stadion, 2 idman zalı, 5 tarixi abidə, yerli istehsalla məşğul olan obyekt, 9 məscid vardır. Hər el, hər oba özünün hörmət-izzət sahibi kimi tanınan insanları, şəxsiyyətləri ilə sezilir. Masallı rayonunun, eləcə də cənub bölgəsindən olan kəndlərin hər birində neçə-neçə ali təhsilli Nəcəf alimi olmuşdur. Ərkivan kəndində isə belə alimlərin sayı 19 nəfəri keçmişdir. Molla Hacı Məhəmmədəli Axund Məhəmməd oğlu, Molla Ağarza Axund Molla Fətəli oğlu, Şeyx Bəşir Axund Molla Hüseynəli oğlu, Seyid Qüdrət Axund Mikayıl oğlu, Ayətulla Şeyx Fazil Hacı Bəşir oğlu, Ayətulla Usman Şeyx Hacı Məhəmməd Fazil Lənkərani, Hacı Molla Əlihəsən Şeyx Bəşir oğlu …

Bəli, Ərkivan yüksək ruhani təhsilə malik din xadimlərinin yurdu, respublika və dünya şöhrətli alimlər, ziyalılar məskənidir. Burada ruhaniyyətin ən yüksək zirvəsini fəth edən 5 nəfər müctəhid və 20 nəfərə yaxın, 25-30 il ruhani təhsilli Nəcəfil Əşrəf alimləri olmuşdur. Deyilənlərə görə, 19-cu əsrin sonlarında qəsəbədə yalnız bir nəfər Mirzə olmuşdur.
20-ci əsrin birinci onilliyində isə qəsəbənin Göllü məhəlləsindən Abasəli Baxış oğlu və Həsənküzədən Qurbanəli Əliməmməd oğlu kənddə ana dilində məktəb açmağa cəhd etmişlər.

1920-ci ildə Əkbərxan Talışinskinin yaxından köməyi ilə Ərkivan kəndində ilk ibtidai məktəb açılmış, o zaman kənddə ictimai bina olmadığından ilk dəfə Abbaslı məhəlləsində, Molla Səfər İbrahim oğlunun evində fəaliyyətə başlamış və türk əlifbası ilə keçirilmişdir. Tibb elmləri doktoru, professor Əvəz Cəbiyev, geologiya-minerologiya elmləri doktoru, professor Bağır Bağırov, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov, kənd təsərrüfatı elmləri doktoru Bədrəddin Həsənov, tibb elmləri doktoru Məhərrəməli Niftullayev, fizika-riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Sabir Mirzəyev, coğrafiya elmləri doktoru, Bakı Dövlət Universitetinin dossenti Nadir Məmmədov, fizika-riyaziyyat elmləri doktoru, Rasim Cabbarov, texnika elmləri doktoru Ədalət Cəbiyev, filologiya elmləri doktoru tənqidçi Vaqif Yusifli və onlarca başqaları məhz Ərkivan alimləridir.
“Qızıl Qələm” mükafatı laureatı, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqının üzvü Əlihüseyn Şükürov kitabın 99-103-cü səhifələrində Rusiyada məşhur olan qəsəbə sakinləri ilə tanış edir.

Masallı rayon mərkəzi kitabxanasında, digər mədəni – maarif ocaqlarında kitabın təqdimat mərasimi müəllifin sağlığında , özünün iştirakı ilə keçirilmişdir.

“Yeni Həyat” rayon qəzetinin baş redaktoru, “Tərəqqi” medallı Əyyub Mehdiyev, professor Əsədulla Cəfərov, “Azərbaycan” jurnalı baş redaktorunun müavini Vaqif Yusifli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Məmmədhüseyn Həsənov, Əməkdar mədəniyyət işçisi, əslən Ərkivanlı Maarif Teymur, din xadimi Hacı Əlihəsən, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şirvan Əbilov, Yeni Azərbaycan Partiyası Masallı rayon şöbəsinin məsul işçisi Ələşrəf Niftiyev, rayon ağsaqqallar şurasının sədri Cavanşir Əsədov və başqaları . “Ərkivan salnaməsi” haqqinda xoş sözlər danışmışlar.
“Ərkivan salnaməsi” sözün həqiqi mənasında böyük əziyyətlə başa gəlmiş monumental kitabdır. Yeni kitabın redaktoru Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” media mükafatı laureatı Həsənağa Əliyev, ön sözün müəllifi Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” media mükafatı laureatı Rəsul Rzayevdir.

Nəfis tərtibatla, beş yüz ədəd tirajla, təbaşirli kağızda çap olunan salnamə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Əlıhüseyn ŞÜKÜROV.
“Ümumrusiya Azərbaycan Konqresi” Murmansk bölməsinin Mətbuat katibi.
Murmansk – Masallı.