Əsl insanlıq zirvəsi

“Görkəmli elm adamları, ziyalılar, yaradıcı şəxsiyyətlər, onlardan yadigar qalan maddi və mənəvi irs mənsub olduqları xalqın, dövlətin, eləcə də bəşəriyyətin sərvətidir. Hər bir xalq özünün istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz tutur. Bu baxımdan Azərbaycan xalqı xoşbəxt sayıla bilər, çünki ölkəmiz bir çox sahələrdə istedadlı şəxsiyyətlər yetirib. Belə şəxsiyyətlərdən biri olan Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir. Aprelin 15-də dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anım günüdür”.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

 

Deputat bildirib ki, ömrünü tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Qısa müddətdən sonra Zərifə xanım Əliyeva həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan geniş yayılmış traxoma infeksion xəstəliyinə qarşı mübarizə aparır. Bu xəstəliyə qarşı təsirli müalicə üsullarının olmadığı bir dövrdə Zərifə xanım Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında maarifləndirmə aparırdı.

Eyni zamanda, Zərifə xanım Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. Vətənə qayıdan Zərifə xanım Əliyeva 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya qəbul olunur. O, bu müddətdə həm praktik əməli həkim fəaliyyəti ilə məşğul olaraq, həm də elmi axtarışlarını davam etdirir. Traxoma xəstəliyinin aradan qaldırılmasını qarşıya məqsəd qoyan Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, o dövr üçün yeni olan antibiotikdən – sintomisindən istifadə olunmasına həsr edir. Zərifə xanım Əliyevanın bu sahədə tədqiqatlarının nəticələri 1960-cı ildə “Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi” mövzusunda uğurla müdafiə etdiyi namizədlik dissertasiyasında öz əksini tapıb.

Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan danışan Pərvin Kərimzadə gözlərə nur gətirən bu xanımın elmdə də böyük nailiyyətlər qazandığını vurğulayıb. Diqqətə çatdırıb ki, müxtəlif dövlət mükafatlarına layiq görülərək, peşəkar həkim kimi layiqli qiymətini alan Zərifə xanımın ən böyük amalı vətəndaşlara xidmət etmək olub. Həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənib, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırıb. Millət vəkilinin sözlərinə görə, Zərifə xanım yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi. O, respublikanın şəhər və rayonlarında olaraq xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda da xüsusi xidmət göstərib. Zərifə xanım Əliyevanın bu sahədə gərgin fəaliyyəti tezliklə öz nəticələrini verdi. Belə ki, məhz onun təklif etdiyi müalicə metodunun respublikada tətbiq olunması nəticəsində ölkəmiz bu xəstəlikdən xilas olub.

ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən ötən il Azərbaycanın Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirib. “Həyatda belə böyük sevgi qazanmaq, özündən sonra nurlu xatirələr qoyub getmək çox az adamın taleyinə yazılır. Akademik Zərifə xanım Əliyevanın ömür kitabında Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadimlərinin taleyi yaşayır. Onun işıqlı xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Bu gün ulu öndər Heydər Əliyevin və Zərifə xanımın xeyirxahlığı, xalqa məhəbbəti, mənəvi saflığı, fədakarlığı Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətində davam etdirilir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.