15 yaşlı girovun ailəsi narahatdır

15

Üç gün əvvəl Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş Tərtər rayon sakini 15 yaşlı Cavid Məmmədovun ailəsi övladlarının taleyindən narahatdır.

ANS TV-nin məlumatına görə, azyaşlının əmisi Sanan Məmmədov bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə ofisindən Cavidin hazırda Xankəndində saxlanıldığı deyilib.

Ailə üzvləri evə gec gələn Cavidin girov düşdüyü xəbərini alana qədər onu Tərtərdəki internet kafelərdə və oyun salonlarında axtarıblar. Daha sonra ailəyə Cavid Məmmədovun rayonun təmas xəttində yerləşən Çaylı kəndinə getdiyi deyilib.

Sentyabrın 5-də 15 yaşlı Cavid Məmmədov məhz bu çaya balıq tutmaq üçün və ya çimmək üçün gəlib. Bundan sonra da Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürüldüyü xəbəri yayılıb.

Kənd sakinlərilə söhbət zamanı bildirdilər ki, rayon mərkəzindən vaxtaşırı bu çaya cimməyə və balıq tutmaga gəlirlər. Nabələd insanlar ücün isə bu ərazi təhlükəlidir. Bir ay əvvəl Tərtər rayon sakini Mübariz Əliyev də məhz burda qarşı tərəfin açdığı atəş nəticəsində dünyasını dəyişib.

Kənd sakini Etibar Şahvələdov: “Ötən dəfə ermənilər balıq tutanı vurdular. Biz özümüz, kənd camaatı və böyük qardaşımla birlikdə onu çıxardıq. Tərtərə gələn adam bilmir gəlib balıq tutur, ermənilərdə vurur”.

Cavid Məmmədovun təhsil aldığı orta məktəbdən onun çalışqan şagird olduğunu bildirdilər. Cavid Məmmədov Tərtər rayon 2 saylı məktəbinin şagirdidir.