17 ildi ananın gözləri yol çəkir…

 

35

Və bundan sonra neçə il çəkəcək…

Bu dəfə də gözləri yaşlı qaldı ananın. Artıq əfvlə bağlı əksər mətbuat orqanları yazmışdılar. Əflə bağlı çıxan hər bir xəbər bu ananı yerindən titrədir, ona balasını görəcəyinə sonsuz inam yaradırdı. Ana xəyallar qurur, dayanmadan mənə zəng edərək, “Oğlum, siyahı açıqlanmadı?”, “Arifin adı varmı, yoxsa yox?” kimi həsrət dolu suallarını mənə ünvanlayırdı. Ana çox narahat idi. Axı Arif tutulandan kimlər həbsdən çıxmamış, hansı dövləti cinayət törədən şəxslər amnistiyaya düşməmişdi. Ana haqlı, mən isə aciz idim.

Ana öyrəncəli idi, hər dəfə siyahılara baxıb məyus olmaq, anaya öyrətmişdi puça çıxan ümidləri. Sevincək halda “Əlişir, oğlum, deyəsən oğlum Arifin adı çıxacaq”. O kecmiş nazir var idi haa… Nədir onun adı? həəə..Fərhad Əliyofu deyirəm, deyirlər onu da, qardaşını da buraxırlar. Əgər onları buraxıblarsa, deməli Arifin də adı var o siyahıda”.

Belə təsəllilərlə özünü də inandırmağa çalışırdı. İnandıqcada sevinirdi. Bir yanda Şövkət ana, digər yanda Tükəzban ana. Hər ikisini birləşdirən ortaq nöqtə var idi. Onlar hər ikisi övladlarının azadlığa çıxacağı günü gözləyirdi. Fərhad Əliyevin anasının sevincinə qoşulurdu: “Axı necə də olsa o da anadır. O da bu ana kimi illərdi gözləri yol çəkir. Hər əfv fərmanını və həmin fərmanında onun da oğlunun adının çıxmasını gözləyərdi”. Lakin Şövkət xanım kimi sevinmədi Arifin anası-Tükəzban ana.

Əfv fərmanı verilməsi ilə siyahının açıqlanması arasında cəmi-cümlətani 30 dəqiqə vaxt çəkdi. Və ən nəhayət Prezident İlham Əliyev tərəfindən əfv olunanların adları açıqlandı. İmzalanmış fərmanda bu dəfə də Tükəzban ananın 17 ildir yolunu gözlədiyi, üzünə həsrət qaldığı, başının üzərində durub günlərlə layla çaldığı, Vətən üçün döyüşlərə göndərib, bir gözü ağlar, bir gözü gülər halda yaşadığı və yaşatdığı oğlu Arifin adı siyahıda yox idi. Bu dəfə də yox idi Tükəzban ananın görmək istədiyi o ad… Yenə zəng elədi ümid gözləyən ana. Nə deyəcəyimi bilmədim. Telefonu açmadım. Dayanmadan zəng çalır. Hər cağrıda təsəlli üçün hansı sözlərdən istifadə etmək barədə düşüncələrim yorurdu məni. İstəmirdim danışım. Danışçağın nə deyəcəkdim? Bilmirdim…

Bura qədər yazdım. Amma söhbətin kimdən getdiyini bəlkə də bir çoxları bilmədilər. Qısa arayış üçün deyim ki, söhbət 17 ildir Qobustan Qapalı Tipli Həbsxanada keçmiş «OMON» hadisələrinə görə, ömürlük cəza çəkən Arif Kazımov və Səfa Poladovdan gedir.

2005-ci ildən 2011-ci ilə qədər Səfanın anası Nazilə xanıma təsəlli verdim. Hər dəfəsində «İnşallah», «Darıxmayın, Allah böyükdür» deyərək yarasını sarımağa çalışdım. Və sonda oğlunun azadlğını görmədən dünyasını dəyişən Nazilə anadan “canımı belə qurtardım”. İndi isə Arifin qoca və tənha anasına təsəlli vermək mənə dünyanın yükü qədər ağır və çətindir.


Yazıya başlıq qoyarkən xeyli əziyyət çəkdim. “Yeni Musavat” qəzetində “8 ildir ananın gözləri yol çəkirdi” başlıqı bir yazı gördüm… O başlığı sonunda “di” şəkilçisini götürməklə və “8”-i “17” ilə əvəzləməklə yazıya başlıq qoymuş oldum. Kaş Tükəzban anada sevinərdi Fərhad, Rafiq Əliyev qardaşlarının anası kimi..

Qaytar ana borcunu,

O borc sənin özünsən, özünü qaytar geri!