20 milyon dollarlıq heroin yandırıldı

Heroin

Dağıstanın narkotiklərə qarşı mübarizə polisləri Rusiya-Azərbaycan sərhədindəki “Yaraq-Qazmalar” sərhəd keçid məntəqəsində İrandan Rusiyaya aparılarkən ələ keçirilən 185 kiloqramlıq təmiz heroini yandırmaqla məhv edib.

Bu haqda Rusiyanın Narkotiklərə qarşı Federal Xidmətinin Dağıstan İdarəsi məlumat yayıb. Narkotiklər məhkəmənin qərarı ilə yandırılıb. Yandırılan heroinin dəyəri 20 milyon dollardır. Narkotik maddənin məhv edilməsində xüsusi komissiya iştirak edib.

Xəbərdə bildirilir ki, narkotik maddə 2009-cu ilin oktyabrında İrandan Rusiyaya yük daşıyan furqonda aşkar edilib. Azərbaycan sərhədini maneəsiz keçərək Rusiya ərazisinə daxil olan “Reno” markalı qoşqulu yük maşınında axtarış zamanı 185 kiloqram heroin tapılıb. Məlum olub ki, narkotik maddə Azərbaycandan keçməklə İrandan aparılırmış.

Maşının sürücüsü ifadəsində deyib ki, İrana yük aparıbmış və geri qayıdanda ondan üzüm yükünü Rusiyaya çatdırmağı istəyiblər. Lakin bu yükün sahibləri onu maşının yanından kənarlaşdırıblar və bu zaman narkotik maddəni istilik izolyasiya təbəqəsinin altında gizlədiblər.