Azərbaycanda sağlam ictimai nəzarətin və qərəzsiz vətəndaş cəmiyyətinin formalaşması vacibdir

Prezident İlham Əliyevin qətiyyəti sayəsində iqtisadi və maliyyə müstəqilliyimizi təmin edilməsi, habelə, Dağlıq Qarabağ münaqişəsinə zəfərlə son qoymaqla Azərbaycan yeni inkişaf səhifəsi başlatmışdır. Bu mənada Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-in təsdiq edilməsi haqqında Sərəncamı ilə üstün hədəflərimizin müəyyənləşməsi inkişafımızın bundan sonrakı mrəhələsi üçün yol xəritəsi olacaq. Sərəncamla nəinki Azərbaycanın, ümumilikdə Cənubi Qafqazın simasını dəyişəcək prioritetlər müəyyən edilərək icrasına başlanmışdır. Sənəddə hədəflər ayırılıqda müəyyənləşsə də ümumi niyyətdə ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndirilməsi, sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının daha intensiv formada təmin edilməsi hədəflənir. 

Sərəncama əsasən, yaxın 10 il ərzində ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritetin reallaşması gözlənilir.   

İlk hədəf kimi dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat formalaşdırılması müəyyən edilib. Bununla da Prezident İlham Əliyev hökumət qarşısına vəzifə qoyur ki, adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalı, birbaşa xarici investisiyaların, həmçinin  strateji investorların cəlb olunması təmin edilməli, çox ciddi problemlərimizdən biri olan kölgə iqtisadiyyatı minimuma endirilməli, iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olunmalı, xarici dövlət borcunun dayanıqlı səviyyəsi qorunmalı, qiymətlərin aşağı və stabil olması təmin edilməlidir. 

Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması istiqəmətində işlərin görülməsi ikinci hədəf kimi təsbit edilmişdir. Burada söhbət əməkhaqlarının artırılaraq layiqli səviyyə çatdırılması, qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşması,məşğulluqda özəl sektorun payının artması, gəlirlərin ədalətli bölgüsünü təmin edilməsi əhalinin aşağı gəlirli təbəqəsinin sosial-iqtisadi rifahını, habelə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərin, habelə, regionların milli gəlirdə payının artırılmasından gedir ki, əslində bu Konstitusiyamızın 12 maddəsində müəyyən edilən iki ali məqsəddən birinin tam realizəsi deməkdir. 

3-cü hədəf olaraq rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı müəyyən edilib ki, burada diqqətali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətə davamlığı, orta və yüksək texnoloji sahələrin inkişafı, səhiyyə xidmətlərinin milli gəlirin yaranmasında payı artırılması, orta ömür müddətinin artımına nail olunmasına yönəlir.

Sərəncamla dövlətimizin yaxın 10 il ərzində 4-cü prioriteti işğaldan azad olunmuş ərazilərə böyük qayıdışı nəzərdə tutur və burada da iki elementin realizəsi məqsədi güdülür  –  dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya. 

Ən nəhayət, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək niyyəti Sərəncamla sonuncu hədəfimiz kimi müəyyən olunur. Burada əsas diqqət, 2030-cu ilədək ümumi ərazidə yaşıllıqların payıının əhəmiyyətli şəkildə artırılmasına, yararsız torpaq sahələrinin dövriyyəyə cəlb olunmasına, alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılması  və ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsinə yönələcək.

Tam məsuliyyətlə demək olur ki, Sərəncam son on illiklərdə Azərbaycanda qəbul edilən ən vacib hüquqi sənədlərdən biri olmaqla bizim üçün həm də yeni dünyaya körpü rolunu oyanayacaq. Lakin, bu Sərəncamın realizəsində yalnız imperativ  təminat üsulları ilə keçinmək olmayacağı öncədən bəlli olduğu üçün, sağlam ictimai nəzarətin və qərəzsiz vətəndaş cəmiyyətinin formalaşması vacibdir. 

Milli Məclisin deputatı

h.ü.f.d. dos. Bəhruz Məhərrəmov