Rəis müavini qaydaları pozdu-Sürücülük hüququ məhdudlaşdırıla bilər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ASC-nin tabeliyində fəaliyyət göstərən Xəzər Dəniz Neft Donanmasının rəis müavini Mahir İsgəndərov barəsində inzibati iş başlanıb.

XALQ.AZ “Qaynarinfo”ya istinadla xəbər verir ki, Mahir İsgəndərova qarşı İnzibati Xətalar Məcəlləsinin (İXM) 529-cu maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu İXM-in 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur. İş baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Rufan Mürsəlov iş üzrə hakim təyin edilib.
Mahir İsgəndərov 2022-ci ildə “Donanmanın fəxri işçisi” döş nişanı ilə təltif olunub.