Tahir Rzayev: “Türkiyənin inkişafı, gücü və qüdrəti, hörməti öz gücümüzdür, qüdrətimizdir”

“Nyu-York şəhərində öz görkəmi, müasirliyi, milliliyi ilə seçilən Türk Evinin yeni binasının açılışı və açılışa BMT-nin baş katibi Antonio Quterreşin qatılması Türkiyənin dünyada artan böyük nüfuzundan xəbər verir”. Bunu açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri diqqətə çatdırıb ki, Türkiyənin müasir beynəlxalq münasibətlər sistemində mühüm yer tutduğunu və əhəmiyyət rol oynadığını qeyd edən BMT baş katibi həm də təşkilatın layihələrinə xüsus önəm verildiyinə, qaçqınların yerləşdirilməsi ilə bağlı proqramların yerinə yetirilməsində fəal iştirakına görə Ankaraya, əlbəttə ki, açılışda iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana öz təşəkkürünü bildiribdir.

“Ərdoğanın Türk Evini ölkəsinin artan gücünün və beynəlxalq aləmdə qazanılan nüfuzunun rəmzi adlandırması təsadüfi deyildir. Həqiqətən də Türkiyə Respublikası bu gün dünyada sülhün və əmin-amanlığın, mehriban dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, haqqın, ədalətin bərpa olunması üçün öz imkanlarını tamamilə səfərbər etmişdir. Biz bütün dövrlərdə ölkəmizə və xalqımıza olan münasibətdə bunun şahidiyik. 44 günlük haqq-ədalət mübarizəmizdə Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla, türk xalqı haqlı mübarizədə yanımızda olduqlarını bəyan etdilər və bizdən mənəvi dəstəklərini əsirgəmədilər.

Bu gün Türkiyə ədalət mübarizəsində hər bir dövlətin yanında olduğunu bəyan edir və əməli fəaliyyəti ilə dünyada sülhün və əmin-amanlığın bərpasına böyük tövhələr verməkdədir. Əlbəttə ki, bu, Azərbaycan xalqını ürəkdən sevindirir. Çünki qardaşlarımızın başının uca olması bizim də baş ucalığımızdır. Türkiyənin inkişafı, gücü və qüdrəti, hörməti öz gücümüzdür, qüdrətimizdir. Biz, bir millət iki dövlət olmaqla əbədi qardaşlığımızla həmişə fəxr etmişik, qürur duymuşuq və bundan sonra da belə olacaqdır”, deyə Tahir Rzayev bildirib