Azərbaycanın ilk qadın opera müğənnisi

Bu gün Azərbaycanın ilk qadın opera müğənnisi, Xalq artisti Şövkət Məmmədovanın anadan olmasından 126 il ötür.

Şövkət Həsən qızı Məmmədova 1897-ci il aprelin 18-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində doğulub.

Atası onun musiqi istedadını hiss edəndə Şövkətin 6 yaşı var idi. Müğənninin atası milyonçu Hacı Zeynalabdinin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə isə Tağıyev və həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olur.

Lakin təhsili yarımçıq qalır və Ş.Məmmədova Rusiyaya qayıtmalı olur. O təhsilini Tbilisi musiqi məktəbində davam etdiriir.

Həmin il dahi bəstəkar Üzeyir Hacıbəyovla tanış olur.

Ş.Məmmədova Bakının Tağıyev teatrında ilk dəfə professional ifaçı kimi çıxış edir. 15 yaşlı Şövkət Üzeyir Hacıbəyovun “Ər və arvad” operettasından bir neçə parça ifa edir.

Tbilisi şəhərində musiqi məktəbini bitirdikdən sonra təhsilini davam etdirmək üçün 1911-ci ildə Milana gedib və burada 1927-1929-cu illərdə məşhur müğənni D. Ambroziodan dərs alıb.

1917–1921-ci illərdə Kiyev Konservatoriyasında oxuyub, burada R. Qlierlə birgə verdikləri konsertlərdə Azərbaycan musiqisini təbliğ edib.

Azərbaycan Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə Violetta (“Traviata”, C. Verdi) partiyasında çıxış edib, 1948-ci ilə dək  teatrın solisti olub. Azərbaycan opera səhnəsində rus və dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirib.

1921-ci ildən başlayaraq o, Rusiya, Fransa, İtaliya, İran və Gürcüstanda çıxışlar edib. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olur və 1912-ci ildə axıra çatdırılmamış təhsilini tamamilə bitirir.

Şövkət Məmmədova opera və balet teatrında “Sevilya bərbəri” operasında Rozina, “Riqoletto”da Cilda, “Şah İsmayıl”da Gülzar, “Arşın mal alan”da Gülçöhrə və başqa aparıcı partiyaları ifa edib.

Şövkət xanım Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini yaradır. Onun təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır.

Ömürün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasında tələbələrə professional vokal dərsləri verib. Şövkət Məmmədova 1915-ci ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurub.

84 yaşlı Xalq artisti 1981-ci il iyunun 8-də Bakıda vəfat edib.

 

Baku.ws

 

Sevinc