Abşeronda təhlükəli böcək

Abşeron yarımadasının park və bağlarında, eləcə də fərdi və yaşıllaşdırma təsərrüfatlarında xurma palmaları mühüm əhəmiyyət kəsb edir. Yüksək dekorativ gözəlliyə malik bu bitkiyə respublikamızda tələbat durmadan artır və onun idxal prosesini gücləndirir.

AMEA-dan verilən xəbərə görə, Dendrologiya İnstitutunun Bitki mühafizəsi laboratoriyasının müdiri Şaməddin Qəhrəmanov bildirib ki, respublika ərazisinə idxal edilmiş bitki növləri ilə bərabər, onların zərərli orqanizmlərinin də ölkə ərazisinə daxil olma ehtimalı çoxalır. Belə zərərvericilərdən biri də əvvəllər ölkə ərazisində heç vaxt qeydə alınmayan, çox böyük ehtimalla əkin materialı ilə gətirilən və xurma palmalarına ciddi ziyan verən qırmızı palma böcəyidir (“Rhynchophorus ferrugineus Olivier”).

Yarımadada qırmızı palma böcəyi çoxalaraq sürətlə yayılma imkanına malikdir. Belə ki, zərərverici aşkar olunduğu yerdən uçaraq digər ərazilərə keçir, su, külək, əkin materialı, kənd təsərrüfatı maşın alətləri və s. vasitəsi ilə yayılır. Ona görə də bu təhlükəli karantin zərərvericisinin respublika ərazisində yayılmasının qarşısını almaq üçün mənbələrinin vaxtında aşkarlanaraq məhv edilməsi üçün mübarizə tədbirləri həyata keçirilməlidir. Abşeron yarımadası və Bakı şəhərinin yaşıllaşdırılmasında xurma palmaları geniş istifadə olunduğuna görə ilk növbədə həmin ərazilərdə fitosanitar monitorinqlər aparılıb.

Zərərverici ilə güclü sirayətlənmiş üç ədəd yaşlı xurma palması kəsilərək ərazidən çıxarılıb və yandırılıb. Nisbətən zəif sirayətlənmiş iki ədəd palma bitkisində sistem təsirli kimyəvi preparatlardan istifadə edilərək zərərvericinin ocağı məhv edilərək bitkilər müalicə olunub. Kimyəvi mübarizə məqsədilə imidakloprid (hekvidor) və xlorpirifos (priban) tərkibli preparatlardan istifadə olunub. Zərərvericiyə qarşı mübarizə məqsədi ilə ölkə ərazisində daxili karantin tədbirlərinə ciddi əməl olunması tələb olunur.

Xalq.Az

 

sEVİNC