Bu hərəkət qətiyyətlə pislənməlidir

Əlverişsiz hava şəraitində Ermənistan ərazisinə keçən və əsir götürülmüş, beynəlxalq humanitar hüquq prinsiplərinə zidd olaraq qeyri-insani zorakılığa məruz qalmış Azərbaycan hərbçilərinin heç bir hüquqi əsas olmadan, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən insan öldürülməsində ittiham olunması hüququn bütün norma və prinsiplərinə ziddir.

Bu fikirlər Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in Azərbaycan əleyhinə bəyanatına cavabında yer alıb.

“Ermənistan XİN-nə məlum olmalıdır ki, cinayətin törədilməsində təqsirləndirilən hər hansı bir şəxsin təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin əsaslı və qanuni qüvvəyə minmiş hökmü yoxdursa həmin şəxs təqsirsiz sayılır. Görünür ki, hüququn aliliyindən bəhs edən Ermənistan tərəfinin hüququn elementar prinsiplərindən belə xəbəri yoxdur. Bununla yanaşı, Ermənistanın sözügedən addımı göstərir ki, 30 illik işğala son qoyulandan sonra, Azərbaycan sərhədini azaraq keçən erməni hərbçilərinin dərhal Azərbaycan tərəfindən geri qaytarılması kimi etimad quruculuğu tədbirinə qarşılıq vermək niyyəti yoxdur və bu hərəkət qətiyyətlə pislənməlidir”, – deyə qeyd olunub.

 

Sevinc