Sovet dövründə sülh yolu ilə ermənilərin ərazi iddialarını təmin edən güzəşt olmuşdur

Haylara məxsus olmayan armen/erməni etnonimini və Arminiya (Ermənistan) adlı qədim toponimini mənimsəyərək, hay-erməni tarixşünaslığı Türkmənçay müqaviləsinin (1828) bağlanmasından sonra Şərqi və Qərbi Armeniya, hətta uydurma “Böyük Armeniya” mövcudluğuna dair tezisləri fəal şəkildə gündəmə gətirməyə başladı.

Bunu Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri Kamran İmanov deyib.

 

 

Onun sözlərinə görə, Çar Rusiyasının 1827-ci ildə işğal və Qacar İranın ruslara güzəşt etdiyi İrəvan və Naxçıvan xanlıqlarının torpaqları “Şərqi Armeniya” ərazisi elan olunub, halbuki, müqavilənin 16 maddəsindən heç birində bu toponim barədə tək kəlmə belə qeyd olunmamışdı:

“İrəvan xanlığının torpaqlarında çar Rusiyası tərəfindən yaradılan və süni şəkildə şişirdilən yersiz hay-erməni ərazi iştahası Naxçıvan qəzasının Qarabağ, Zəngəzur torpaqlarına da iddialara təkan vermiş oldu. Hətta, bolşevik obrazına girmiş ikiüzlü erməni milliyyətçiliyi və daşnak terroru sonralar bu torpaqların bir qisminin qopartmasına gətirib çıxardı.

1918-ci ildə Lenin Naxçıvanın və Zəngəzurun daşnaklara verilməsi haqqında dekret imzaladı, yalnız Nərimanovun sovet rəhbərlərinə ünvanlandığı sərt tələbləri, bu torpaqlarda yaşayan əhalinin şiddətli etirazları və Türkiyənin qəti mövqeyi 1921-ci ildə Türkiyə və Sovet Rusiyası arasında yaradılmış Naxçıvan Muxtar Respublikasının Azərbaycanın protektoratı altına verilməsi haqqında müqavilə ilə nəticələndi. Erməni iddialarının könlünü almaq üçün isə əvvəlcə Zəngəzur qəzası, 1922-ci ildə isə Göycə (Şərur-Dərələyəz) Azərbaycandan qoparılıb Ermənistana verildi. Bu azmış kimi, bir də 1923-cü ildə Azərbaycan ərazisində Dağlıq-Qarabağ Muxtar vilayəti yaradıldı”.

Kamran İmanov deyib ki, Uydurma “Şərqi Armeniya” torpaqsız Sovet Armeniyasının məhz bu yolla Azərbaycan əraziləri hesabına yaradılmasıdır:

“Əvvəlcə “Şərqi Armeniya” çar Rusiyasına birləşməsi adı altında Azərbaycan ərazilərində yaradılmış bu milli erməni yuvası mahiyyətcə ərazilərin hərbi işğalı ilə nəticələnən təcavüzkarlıq, Sovet dövründə isə sülh yolu ilə ermənilərin ərazi iddialarını təmin edən güzəşt olmuşdur. Uydurma “parçalanmış erməni torpaqları” tarixi İkinci Dünya müharibəsindən sonra aktuallaşdı, çünki, Sovet Rusiyasının Ərdahanı və Qarsı Türkiyəyə qaytarılmasını nəzərdə tutan və 1921-ci ildə imzalanan Türk-Sovet müqaviləsinə yenidən baxılmasını planlaşdıran Stalinin niyyətlərinə uyğun idi. Şükür, Stalinin niyyəti baş tutmadı, ancaq mövcud olmayan “Şərqi Armeniya” çərçivəsində tarixi Azərbaycan əraziləri haylar tərəfindən erməniləşdirildi, bu azmış kimi Sovet tarixi elminin dəstəyi ilə erməni tarixşünaslığı hayların bu torpaqlardakı qədimliliyinə dair yalan və uydurmaları tirajlamağa başladı. Bunun üçün qondarma hay-erməni çar sülalələri uyduruldu, “Şərqi Armeniyanın” Rusiyaya xəyali birləşməsi aspektində Kürəkçay müqaviləsinin əsasnamələri təhrif olunmağa başlandı, Qafqaz Albaniyasının tarixi, bu torpaqların əzəli sakinləri olan Azərbaycan türklərinin maddi və qeyri maddi mədəni irsi, ümumiyyətlə hay-ermənilərin bu ərazilərdə avtoxtonluğunu “sübut” edə biləcək hər bir şey saxtalaşdırılaraq mənimsənilməyə məruz qaldı.

Bu gün də hay-erməni uydurma qədimliliyi erməniçiliyin təcavüzkar və riyakar izini sürdürür. Heç də təsadüf deyil ki, XVI-XVII əsrlərə dair erməni xalqının tarixi adı altında Azərbaycanın Qarabağ, Gəncə, İrəvan, Naxçıvan və Zəngəzur diyarlarının tarixi təsvir olunur. XV əsrdə patriarx taxtının Eçmiyədzinə köçürülməsindən sonra (Eçmiədzində patriarxat yeparxiyasız fəaliyyət göstərirdi, çün ki yeparxiya Kiçik Asiyada qalmışdı) ermənilər bu dövrü lovğalanaraq erməni tarixinin “Eçmiyədzin dövrü” adlandırdılar.

Bundan başqa onlar müxtəlif siyasi və elmi dairələrdə belə bir fikir yaymağa başladı ki, “Qərbi Ermənistan” hələ də Türkiyənin tərkibində qalıb. Ümumiyyətlə, erməniçilik sayca neçə Armeniya adlı toponim işlədir?

Armenistlərin yazı ənənəsini qoyan “erməni tarixinin atası” M.Xorenski V və ya VII əsrlərdə, bəlkə də XIV əsrdə (əslində müəlliflik və yazı tarixi sual altında qalır) yazdığı “Патмутюн Хайоц” (“Hayların tarixi”), “İncili” təftiş, “Xalqlar cədvəli”nə Hayk, Armenak və s. fantomları daxil edərək, hay etnosunun Sakalara, Qəmərlilərə qohumluğunu çatdıraraq, hətta Torqom (Toqarma) əcdadlarına (türk soy-kökü) çevirərək, 5 Armeniya (1-4 və yunan) iddiasını irəli sürmüşdü. İki əsr sonra isə Şirakatsi öz “Aşxaratsuyts”unda (“Coğrafiya”) yenə də anonim deyil, müəllif kimi artıq 8 Armeniya vermişdi, indi isə “Armeniya”ların sayı 35-ə çatıb. Bəs neçə dənə “Armeniya” adlı dövlət mövcud idi? Bu günkü dövlətləri istisna olmaqla, heç bir dənə.

Odur ki, avtoxton xalqlardan fərqli olaraq, erməni alimləri “Armeniya tarixi“ni yox, Ermənilərin tarixi”ni, bir sözlə, etnosun tarixini yazmaq məcburiyyəti qarşısındadırlar, ya da “Hayastan” adlı ölkəsi olmayan mifoloji Hayların tarixini yazırlar və burada digər xalqların ərazisindən və tarixindən söhbət açırlar.

Erməni siyasətinin əsas dəst-xətti mifologiyadır. Erməni miflərini saymaqla qurtarmaz. Onların hamısı məqsəd quruluşuna və praktiki təyinatına görə birləşərək, siyasi mifologiya kateqoriyasına aid olur. Erməni etnik aləminin mənzərəsinin bir hissəsi olan məhz bu mifologiya zahiri reallığın və burada cəmləşən əxlaq mexanizminin erməni etnosu tərəfindən qavranılması üsulunu müəyyən edir. Fikir verin. Bir neçə müasir politoloqların, o cümlədən S.B.Luryenin araşdırmalarına əsasən, digər xalqlardan fərqli olaraq, erməni siyasi düşüncəsinin xüsusiyyəti geosiyasi xarakter daşıyaraq, ermənilərin yaşadığı yerlər əsasında müəyyən coğrafi xəritə qurmaq və yaşadığı yerləri özləri üçün növbəti “Ermənistan” adlandırmaqdan ibarətdir.

Tarixi haşiyənin sonunda ən məşhur qərb filosof-hüquqşünasların dəfələrlə istinad etdiyimiz fikirlərini yada salmaq yerinə düşərdi. Nobel laureatı, liberal fəlsəfənin banisi Fridrix fon Hayek deyirdi: «İnsanların həyatını mümkün edən onların fəaliyyətinin nizamlanması, vərdişlərinin düşünülmüş qayda-qanunlarla əvəz edilməsi və hüquqi normalara riayət edilməsidir». Əks halda, digər qərb alimi, liberal hüququn banisi İyeremiya Bentamın dediyi kimi, «Prinsiplərə riayət etməkdən imtina edən xalqlar gec-tez gücə tabe olmalıdırlar». Vətən müharibəmiz, Qarabağnaməmiz, müzəffər Ali Baş Komandanın qətiyyəti, əsgər və zabitlərimizin şücaəti bir daha bu deyilənlərin əyani sübutudur”.

 

apa

 

Sevinc