Prezidentdən Fərman və Sərəncam

Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirəcək.

Bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə imzaladığı Fərmanda deyilir.

Fərmana əsasən, katiblik Komissiyanın fəaliyyətini və iclasları ilə bağlı təşkilati məsələləri həll edir; komissiyanın müzakirəsinə çıxarılacaq məsələlərlə bağlı sənədləri hazırlayır, kargüzarlıq işlərini həyata keçirir, iclasların protokollarını tərtib edir, eləcə də iclasların yekun sənədlərinin layihələrini Komissiyanın sədrinə və üzvlərinə təqdim edir; aidiyyəti dövlət orqanlarından və qurumlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə və təşkilatlardan iclaslarda baxılan məsələlərlə bağlı məlumat, rəy və təkliflər alır; Komissiyanın qərarlarının icrası ilə əlaqədar tədbirlər görür, Komissiya tərəfindən həyata keçirilməli olan tədbirlərin monitorinqini aparır və nəticələri barədə aidiyyəti üzrə təqdim edilməsi üçün hesabatlar hazırlayır.

***
Azərbaycan Prezidenti İlham Əliyev Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, on beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutulmaq tapşırılıb.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.