Ermənistanın başqa seçimi qalmayıb

“Prezident cənab İlham Əliyev Salyana səfəri çərçivəsində AzTV-yə verdiyi geniş müsahibədə Ermənistanla sülh müqaviləsinin imzalanmasına toxunaraq Ermənistana və Qarabağda yaşayan ermənilərə ünvanlanmış vacib mesajlar səsləndirdi”. Bu sözləri deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, belə ki, dövlət başçımız ordumuzun gücünün 44 günlük Vətən müharibəsində olduğundan qat-qat çox olduğunu bildirərək Ermənistanda yenidən baş qaldıran revanşist qüvvələrə cavab verməyə hər zaman hazır olduğumuzu bildirdi. Həm də ordunun güclənməsinə əlavə vəsaitlər ayrılacağını qeyd edərək daha professionallaşdıracağını qeyd etdi: “Təbii ki, yenidən revanşizm xəyallarına dalanlar Azərbaycanın hərbi potensialını nəzərdən keçirməlidirlər. Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ordusu ilə qarşı-qarşıya gəlməyə heç vaxt nə gücü çatar, nə də cəsarəti”.

Deputat sözlərinə belə davam edib: “Cənab Prezident Ermənistana sülh müqaviləsi imzalamaq üçün masanın üstünə qoyduğumuz 5 prinsip beynəlxalq normalara uyğun olduğunu bildirərək sülh müqaviləsi ancaq bu prinsiplərə əsaslanacağını bir daha bəyan etdi. Ölkə başçımız niyyətimizin Ermənistanla tezliklə sülh müqaviləsinin bağlanması və uzun sürən qarşıdurmaya son qoymağa hazır olduğumuzu bir daha bildirdi. Həm də Qarabağda yaşayan ermənilərin Azərbaycan bayrağı altına keçməkdən başqa yolun olmadığını bildirərək ölkə daxili məsələlərini heç bir tərəflə müzakirə etmək niyyətimiz olmadığını bir daha diqqətinə çatdırdı. Həm də separatçılara ünvanladığı mesajda əgər Azərbaycan bayrağı altında yaşamaq istəmirlər, özlərinə yeni bir yaşayış yerini tapmaqları da tövsiyə olundu. Əks halda, antiterror əməliyyatları aparılaraq Azərbaycan bayrağı altında yaşamaq istəyən erməniləri separatçıların girovluğundan azad olunması qaçılmaz olacaqdır.

Hesab edirəm ki, qarşı tərəf dövlət başçımızın mesajlarından nəticə çıxaracaq və regionda sabitliyin yaranmasına xidmət edəcək addımların atılmasına hazır olduğunu bildirəcəkdir. Çünki Ermənistanın başqa seçimi qalmayıb”.

 

sia.az

 

Sevinc