Həmin ərazilərdə Azərbaycan işığı yanmağa başlayır və biz növbəti tarixi anlar yaşayırıq

“Aprel ayının 23-də baş vermiş hadisə tarixidir. Hadisənin mahiyyəti ondan ibarətdir ki, bundan sonra Ermənistan öz Qarabağdakı separatçı tör-töküntülərinə, terrorçu qruplaşmalara silah-sursat, canlı qüvvə, minalar və digər hərbi sursatlar göndərmək imkanından məhrum olacaq”. Bu sözləri deputat Elman Nəsirov deyib.
Deputat sözlərinə belə davam edib: “Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ilin fevral ayında Ermənistan siyasi rəhbərliyinə bildirmişdir ki, belə bir nəzarət buraxılış məntəqəsinin açılması zəruridir və bu eyni zamanda 2020-ci ilin 10 noyabr bəyanatının mahiyyətindən irəli gələn bir məsələdir. Lakin Ermənistan tərəfi Azərbaycanın Prezidentinin bu təklifinə cavab verməmiş və yenə də müxtəlif yollarla diqqətdən yayınmaqla separatçı rejimin tör-töküntülərini silahlandırmaq işi ilə minalarla təmin etmək işini davam etdirmişdir.

Artıq bu prosesə son qoyulub. Doğrudan da çox mühüm siyasi əhəmiyyətli hadisədir və artıq Xankəndi-Laçın yolunda Azərbaycan bayrağı ucaldılaraq dalğalanmağa başlayır. Həmin ərazilərdə Azərbaycan işığı yanmağa başlayır və biz növbəti tarixi anlar yaşayırıq. İçimizdə tam əminlik var ki, çox yaxın zamanlarda Xankəndində də üçrəngli müqəddəs bayrağımız dalğalanacaq. Buna hər birimiz inanırıq. Çünki bizim Müzəffər Ali Baş Komandanımız var. Bizim yenilməz qalib ordumuz və dəmir yumruq kimi birləşmiş xalqımız var”.

 

sia

 

Sevinc