Dövlət xəstəxanaları üçün uşaqların taleyi bu qədərmi əhəmiyyətsizdir?

Həftənin iş günləri zamanı saat 11-dən tez, həftə sonları isə gün ərzində dövlət xəstəxanalarına həkim tapmaq mümkün deyil. Hər hansısa bədbəxt hadisə ilə üzləşən şəxs “vaxtsız” dövlət xəstəxanasına yaxınlaşsa, ya həyatından olacaq, ya da başqa xəstəxanaya üz tutmalı olacaq.

Belə halla qarşılaşan jurnalist Günel Manaflı bildirib ki, azyaşlı oğlunu təcili olaraq xəstəxanaya aparsalar da, orada həkim tapa bilməyiblər:

“Səhər oğlum oyuncaq təkəri burnuna saldı. Uşağı evə yaxındır deyə təcili 4 saylı Uşaq Poliklinikasına apardıq. Poliklinikada nə cərrah var, nə də lor həkimi. Dedilər, günün ikinci yarısı gələcəklər. Düşünün, həmin saat təcili yardıma ehtiyacı olan uşaq gəlsə, nə cərrah var, nə də lor həkimi. Digər həkimlər də saat 11-dən sonra gəlirmiş. Dövlət xəstəxanaları üçün uşaqların taleyi bu qədərmi əhəmiyyətsizdir?”.

Belə halla politoloq Turan Rzayev də üzləşib. O da bildirib ki, həftə sonu ölkədə iş başında bir dənə də olsun göz həkimi yoxdur:

“Hansı klinikaya, xəstəxanaya zəng edirsən deyir həkimlər birinci gün işdə olacaq. Anlayıram həkim də insandır, onun da istirahət etməyə, ailəsi ilə olmağa haqqı var. Ancaq insan səhhəti tətil, istirahət bilmir. Bayram günlərində təcili problemi olan adam neyləsin?


Övladının səhhəti üçün narahat olan valideyn nə etsin? Növbətçi həkimlər hardadır?”

 

tribunainfo.az

 

Sevinc