Prezident və vitse-prezident Hadrutdda – YENİLƏNİB

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəbin bərpa layihəsi ilə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verilib.

Bildirilib ki, bərpa olunacaq məktəb 1,9 hektar ərazidə yerləşir. Əsaslı təmir və yenidənqurma işlərindən sonra məktəbdə 15 sinif otağı, idman və akt zalları, yeməkxana, kitabxana, hərbi dərs otağı, 3 laboratoriya və 2 texnologiya otağı, informatika otağı olacaq. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları müasir avadanlıq və ləvazimatlarla təchiz ediləcək.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunmuş rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan azad edilən ərazilərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Hadrutda məktəb binasının tikintisi də bu işlərin tərkib hissəsidir.

 

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xocavənd rayonunun Tuğ kəndində İnzibati Mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər.

 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və Birinci vitse-prezidentə ilkin mərhələdə Tuğ kəndinin ictimai-inzibati mərkəzində inşası planlaşdırılan binalar barədə məlumat verib.

Bildirilib ki, kənddə 1,63 hektar sahəni əhatə edəcək inzibati zonada ikimərtəbəli inzibati bina, klub icma və mədəniyyət mərkəzləri, restoran tikiləcək. Burada tikiləcək və bərpa ediləcək binaların ümumi sahəsi 3200 kvadratmetr olacaq.
Ərazidə genişmiqyaslı abadlıq işlərinin görülməsi, yerüstü parkinq sahəsinin yaradılması nəzərdə tutulub. Bu ərazilərə bütün yol infrastrukturunun, kommunikasiya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çəkilməsi planlaşdırılır. İnzibati mərkəzdə tikinti-bərpa işlərinin gələn ilin martında başa çatdırılması nəzərdə tutulur.
Dövlətimizin başçısı İnzibati Mərkəzin təməlini qoyub.
Prezident Tuğda İnzibati Mərkəzin təməlini qoydu