Hesab edirəm, yaxın gələcəkdə məsələ öz həllini tapacaq

“Son olaraq bu qənaətə gəlmişdik ki, mayın 1-dən etibarən artıq quru sərhədlər açılacaq. Əfsus ki, bölgədə yoluxmaların artması, eyni zamanda siyasi vəziyyətdə bəzi dəyişikliklərin olması səbəbindən bunu həyata keçirə bilmədik. Ümumdünya Səhiyyə Təşkilatı dünyada artıq koronavirusla bağlı fövqəladə vəziyyətin başa çatması barədə elan verdi. Dövlət tərəfindən pandemiya ilə əlaqədər səhiyyədə yaradılan təşkilatlar, düşünürəm, artıq bağlanacaq. Təxminən, yaxın gələcəkdə quru sərhədlərimizin açılmasına nail ola bilərik”.

Bu sözləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, quru sərhədlərin mərhələli şəkildə açılması düzgün olardı:

“Hələ ki Ukrayna-Rusiya arasındakı müharibə, konfliktlər davam edir. Bəzi qonşu ölkələrdən bizə qarşı təzyiqlər də fakt olaraq qalır. Cənab Prezidentin son çıxışlarında da bunu eşitdik ki, Azərbaycan dövləti hər bir ölkəyə hörmətlə yanaşır, Azərbaycanla təhdid dili ilə danışmaq olmaz. Təbii ki, təhdidi hələ də görürük. Nə qədər ki, bu məsələlər müəyyən qədər siyasi arenada qalır, bir az çətinliklər yaradır. Mən də istərdim ki, Gürcüstanla quru sərhədlərimiz açılsın. Çünki növbəti aydan artıq təhsil müəssisələri üçün tətil başlayır. İstirahətə getməklə bağlı məsələlər ortaya çıxır. Əlbəttə, bir problem də var ki, dediyimiz ölkələrlə Gürcüstanın sərhədləri açıqdır. Ona görə müəyyən qədər problemlər yarana bilər. Bu səbəbdən dövlət quru sərhədlərin açılması məsələsi barədə ciddi fikirləşir. Hesab edirəm, yaxın gələcəkdə məsələ öz həllini tapacaq”.